Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə avqustun 7-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

Test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 1992 nəfərdən 283 nəfər imtahana gəlməyib.

İmtahanda iştirak etmiş namizədlərin imtahan nəticələri və cavab kartlarının qrafik təsviri Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında yerləşdirilib.

Mədəniyyət Nazirliyinin 2022-ci il 20 aprel tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları”nın tələblərinə uyğun olaraq təşkil edilmiş test imtahanında namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq məntiqi təfəkkürü, 10 tapşırıq isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla) uğur qazanmış hesab edilirlər.

Bakı şəhərində yerləşən məktəblər üzrə işə qəbul üçün test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə isə test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər.

Tələb olunan keçid balını toplayan namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibələrin vaxtı və yeri barədə nazirlik tərəfindən əlavə məlumat veriləcək.