Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Arif Məhərrəmov avqustun 9-da, 74 yaşında vəfat edib.
Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə Göyçə mahalında dünyaya göz açıb. 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirib.
Təhsilini başa vurduqdan sonra “Azərbaycanfilm”də çalışıb. Kinostudiyada bir sıra bədii filmlərin və cizgi filmlərinin rəssamı olub. “İşgüzar səfər” (1982, bədii film) , “Qocalar, qocalar (1982, bədii film) , “Münəccimin şagirdi” (1983, animasiya filmi), “Kitabi-Dədə Qorqud. Səkrəyin dastanı” (1990, animasiya filmi), “O dünyadan salam” (1991, bədii film), “Molla Nəsrəddin lətifələri” (1993, animasiya filmi), “Biz qayıdacağıq” (2007, bədii film), “Qala” (2008, bədii film), “Mənim balaca şahzadəm” (2018, animasiya filmi) və s. ekran əsərlərinin bədii tərtibatında rəssam özünəməxsus dəst-xətti ilə seçilib.
Arif Məhərrəmov bir müddət Latviyanın paytaxtı Riqada yaşayıb və yaradıcılığını orada davam etdirib, silsilə qrafika və rəngkarlıq tabloları yaradıb, sərgilərdə iştirak edib. Azərbaycanla əlaqəsini də kəsməyib. Əsərlərində doğma torpağının tarixi, qaçqınlıq həyatı yaşayan xalqının və işğala məruz qalmış vətəninin ağrı-acısını əks etdirib.
2000-ci illərin əvvəllərində rəssam İstanbulda yaşayıb-yaradıb. 2005-ci ildə Azərbaycana qayıdıb, həm kino-multiplikasiya sahəsində, həm də dəzgah rəngkarlığı sahəsində yaradıcılıq fəaliyyətini davam etdirib.
Arif Məhərrəmov 1982-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilib, 2000-ci ildə respublikanın “Əməkdar rəssam”ı adına layiq görülüb.
Allah rəhmət eləsin.