«Əcnəbi göydə balonlarla uçur»kən, bizlər «daha vacib işlər» («xoruz döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq və s.») dalınca qaçırkən, kütlənin «bir abbası»dan artıq dəyərləndirmədiyi qələmdən yapışan Mirzə...
   Çinovniklər, keşişlər öz milli-mədəni gələnəkləri işində, məmurlar, mollalar isə şeyx nəsrullahlar peşində ikən, yüz ilə yaxın yağır-bağır edilmiş bir millətin bağrından qopan bu Mirzə «Molla Nəsrəddin» adında milli bir Çıraq yandırdı.
   
   Önə keçən son söz...
   
   Elə axır fikirlər, son sözlər olur ki, onu «ön söz»lər yerinə işlətməmək olmur...
   Bəli, 1906-cı ilin ilıq aprelində gedib qərib çar Tiflisində milli bir Çıraq yandıran bu Mirzə 1932-ci ilin soyuq yanvarında doğma sovet Bakısında o təkrarsız, inam-imanlı mətbu işığının «Allahsız» adına dəyişdirilmə, əks təqdirdə söndürülmə bəyanatı ilə mənən, gündəlik «kerosin norması»ndan məhrum edilməklə fizikən öldürülmə ərəfəsində övladlarını qızındırmaq üçün öz əlyazmalarını sobaya atıb yandırdı...
   
   Onun həyata gəlməkliyi
   
   Sonuncu ifadəni qaralamağa tələsməməli. Mən, sadəcə, bu milli Mirzəmizin başdan-başa Azərbaycan dili və nitqinin leksik arsenalını özündə ehtiva edən bənzərsiz ifadələrinə rəğmən işlətdim bu kəlməni. Vallahi, bax elə bu anca onun «Eşşəyin itməkliyi», «Ulağımı satdılar, yedilər», «A xan, başına dolanım, mən neyləyəydim, urus məktubu götürdü, qoydu getdi» ifadələrini xatırlayıb, dəli bir gülməklik elədim. Bu şəhd-şəkərlikdə ədibi olan bir ölkənin oxucusu olmaqlıq xoşbəxtliyi yaşadım. Hələ onun ustad bir memar kimi qurduğu dialoq; «- Ay usta, bu ermənilər ki buxəntərə murdar məxluq imiş, bəs, qurban olduğum onları niyə düzəldib? - A Qurban, bəs cəhənnəm?! Fəda olduğum onları yaratmasaydı, cəhənnəmə kimi göndərərdi?!».
   Bu nümunələrin özü də ədəbiyyatımızın, teatrımızın, mətbuatımızın - bütövlükdə XX əsr mədəniyyətimizin fenomen Mirzəsinin həyata necə gəlməkliyini görk edir.
   Bəli, 1869-cu il fevralın 22-də Naxçıvanda - Hüseynqulu kişinin balaca həyətində dünyaya göz açan Cəlil böyük həyata bu kimi düşüncə daşıyıcılarıyla, mənəvi cərrah qələmiylə gəlməklikdə idi.
   Onun təhsil yolundakı düşərgələr də xarakterində az «skvoznyak»lara səbəb olmayıb. Öncə «Allahu Əkbər!» sədalı mollaxana, ardınca dünyanın fırlanmasından danışan üçsinifli Naxçıvan şəhər məktəbi, sonra - 15 yaşında bütün Qafqazın seçmə uşaqlarının toplaşdığı Qori Müəllimlər Seminariyası. Daha sonra 10 il davam edən müəllimlik. Seminariya məzunlarının təyinat obyektləri ilə bağlı qanun bir yana, Cəlil müəllimi baxışlarından sezilən, danışıqlarından duyulan milli təəssübkeşlik elementlərinə görə yalnız kənd məktəblərinə göndərirdilər. O, öz daxili aləmini paylaşmaq üçün İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (İndi Şərur, Cəlilkənd) və Nehrəm kəndləri ilə kifayətlənmək məhdudiyyətinə məruz qalır. Bu barədə xatirələrində konkret bəhs etməsə də, belə bir mətləb duyulur ki, nə qəm - o həmin illər xalqa elə bir ciddi xidmət göstərə bilməsə də, gələcəkdə bu borcu artıqlaması ilə ödəmək üçün özü xalqdan çox şeylər götürdü. Həmin illərdə (1887-1897) bu borcun ilkin «avans»ı olaraq, bir sıra kiçik hekayələrini, «Kişmiş oyunu» komediyasını, ədəbiyyat tariximizə dövrün canlı bədii manifesti kimi düşən «Danabaş kəndinin əhvalatları» povestini qələmə alır.
   1897-ci ildə bir sıra vətən-vətəndaş «əhvalatları» ilə üzləşib müəllimlikdən uzaqlaşan C.Məmmədquluzadənin həyatında o dövr sənətkarları üçün xarakterik olan uzunmüddətli «axtarma» məzuniyyəti baş verir. Əslində bu, «bekarçılıq» məzuniyyətindən çox, ədəbi-bədii şikarçılıq ezamiyyəti idi. Gələcəyin böyük millət mirzəsi adi müəllimliyi qeyri-adi sənət şagirdliyinə dəyişmişdi. Əsrin əvvəllərində Tiflisə gedib, «Şərqi-Rus» qəzeti redaksiyasında işə düzələn Cəlil öz azman jurnalist gələcəyinə, «Molla Nəsrəddin» hadisəsinə doğru yol başlayır. Həmin qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtlı ilə tanışlıqdan çox mətləbləri anlayır. Azərbaycan hekayə janrının pasportu hesab edilən «Poçt qutusu»nu ilk dəfə bu qəzetdə dərc edir. Və beləliklə,
   
   Bizi deyib gəlir...
   
   «Tiflis, 1906-cı il 7 aprel». Bu an da onun öz deyimi, öz üslubu ilə deməmək olmur: həyə, hələ bu nə addı?.. Yəni, «redaktordan», «baş yazardan», «naşirdən» (yaxud «baş məqalə») yox, sadəcə, jurnalın nəşr edildiyi yerin adı və tarixi.
   İçi mənsub olduğu xalqa hədsiz məhəbbətlə dolu müəllif o jurnalın «ilk məhəbbət məktubu»nu «şanlı» janrlardan biri ilə yox, məhz felyetonla başlayır. Bu xalqın daha strateji, milli məfkurəvi, maddi-sosioloji ladından yox, məhz ən nazik və ən ortaq yerindən xitab edir; «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» Mətbuat, yazı-pozu üçün hələ yalnız başdan-başa mövzu xammalı olan bu xalqa bu jurnaldan istifadə məsələsində də müəllimlik edir. Deyir, bu jurnalın vərəqlərini samovar alışığı edə-edə, hərdən şəkillərinə də baxın, qarnınız yırtılanadək gülün, sonra da gedib güzgüyə baxın, görün kimə gülürsünüz. Bu gənc məfkurə müəllimi bu balaca yazısında, Yaxın Şərq də daxil olmaqla, bığlı-saqqallı, «bitdi-sirkəli» şagirdlərə, «ana dilində danışmağı eyib sayan» «abrazovannılara» öz dilini sevmələri üçün onların nostalji hisslərinə də qələm uzadır: «Salınız yadınıza o günləri ki, uşaqlıqda qulaq ağrısı səbəbindən yatmırdınız və ananız da bu dildə sizə deyirdi ki, bala, yat, yoxsa, xortdan gəlib səni aparar».
   İllər keçir, dünyada mədəniyyət, Bakıda quyular fontan vurur, məscidlərdə molla fəzlullahlar övrət, dumada «qlasnılar», məhəllələrdə qoçular at oynadır. İmkansız və çarəsiz Mirzə isə öz fenomenal istedadının bəhrəsi olaraq yaratdığı informasiya agenti «Dəmdəməki»yə müraciət edir: «Ay Dəmdəməki, ayə, bu nə zadlardı sən yazıb göndərirsən bizim idarəmizə?! Necə yəni «Bakıda qoçular azyaşlı qızların namusuna təcavüz edirlər»?! A kişi, məgər sən qorxmursan ki, mən də götürüb bunu öz məcmuəmdə çap edərəm (guya etmir ha! - T.A.), o qoçular da əvvəl orda səni, sonra da gəlib burda məni öldürərlər?!»
   İllər keçir, «Molla Nəsrəddin»in mövzu dairəsi, mətləb-mahiyyət hədəfləri böyüyür, millətin qanlı, şanlı ziyalılarını öz ətrafına toplayır, xalqı bala-bala oyadır. Bəzən elə ilk sayının üz qabığında verdiyi «Xalq oyanır» karikaturasındakı kimi...
   İllər keçdikcə «Molla Nəsrəddin» fərdi qüsurlara gülüşdən bölgəvi, ictimai-fəlsəfi nöqsanları hədəfləməyə keçir. Onun «nöqteyi-nəzərincə» «İrəvan müsəlmanları»nın işi bütün dünya müsəlmanlarınınkından ona görə asandır ki, əgər başqaları küçədə-bazarda qarşılaşdıqları yad adamın «böyük zat» olub-olmadığını ayırd edə bilmədikləri səbəbindən təzim etmədikləri üçün «zibilə düşürlər»sə, bunlar «boynuyoğun, yekəqarın» görən kimi baş əydiklərindən başları heç bir əngəl çəkmir.
   «Meşədə gördüklərim» felyetonu isə publisistika aləmimizdə ayrıca bir görəcəkdir! «Bir gün idarəmizə bir əcnəbi gəlib, bizdən məcmuəmizlə əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi və ona xüsusi vəsiqə verməyimizi təvəqqe etdi. Biz də ona Şirvan bölgəsi üzrə vəsiqə verdik. Getdi və həftə səkkiz-mən doqquz məcmuəmizə materiallar göndərməyə başladı. Bütün məqalələrinin sərlövhəsi isə eyni idi: «Meşədə gördüklərim»...
   İllər keçir, türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyan Mirzə Cəlil sağdan dini xürafat, soldan bolşevik-sovet sarkazmlarına məruz qalırdı. Zaman «çalxalanıb-bulandıqca ayranlıq olanlar», üzə çıxan yağ-qaymaqlara güc gəlirdi. Bu jurnalla həm də öz nəşriyyatlarını tapmış olan M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar, N. Nərimanov, Ə. Haqverdiyev, M.S. Ordubadi kimi yazıçı və jurnalistlər «Molla Nəsrəddin»i sovet tufan-təlatümləri dənizində pənah aparmalı yeganə ada, ən milli oda hesab etsələr də, C. Məmmədquluzadə məcmuəyə uzanan bolşevik barmaqları ilə razılaşa bilmirdi. Nəhayət, o, Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən iki ay sonra ailəsi ilə birgə Təbrizə köçür və 1921-ci ildə orada «Molla Nəsrəddin»in 8 nömrəsini çap edir. Lakin «...hər gün burada bir desyatin torpaq satılırsa, bu hesabla İran torpaqları neçə ilə fövt olar?» («Hesab dərsi») kimi felyetonlarına görə burada da ona rahatlıq vermirlər. Sonra yenidən Vətənin bu tayına dönüş.
   Bu tay Vətən, o tay Vətən, bu cür dönməzlik, o cür yenməzlik, gah küskünlük, gah nikbinlik ovqatı, zamanın əlyazma-soba əhvalatı və...
   
   Bizi deyib getsə də... qaldı!
   
   Hər şeyi bilən bu Kişi bunu da bilməmiş deyildi ki, «Bir kərə yüksələn bayraq...» kimi, onun adı, xidmətləri də yüksələcək, öz böyüklüyü mərtəbəsinə ucaldılacaq. Əsərləri neçə-neçə dillərə tərcümə ediləcək. Adı bir sıra mədəni-maarif müəssisələrinə, Cəlilabad rayonuna, Cəlilkəndə ad olunacaq. Bakıda, Naxçıvanda ev-muzeyləri, Nehrəmdə, Cəlilkənddə xatirə muzeyləri yaradılacaq. Təntənəli yubileyləri, ildönümləri keçiriləcək. Teatr səhnələrimizin «qaraçuxası», ekran-efirlərimizin butası, qəlblərimizin sənət Atası olacaq...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar