Musiqi mədəniyyətimizin inkişafında əməyi olan sənətkarlardan biri də Əməkdar incəsənət xadimi, professor Eduard Novruzovdur. Onun adı Azərbaycan Dövlət Xor Kapellasının yaradıcısı kimi musiqi tariximizə düşüb. Vaxtilə bu musiqi kollektivi SSRİ-nin ən yaxşı xor kollektivləri sırasında yer alıb. Sənətkarı anadan olmasının 95 illiyi münasibətilə yada saldıq.
Eduard Beylər oğlu Novruzov 1927-ci ildə Bakı şəhərində dünyaya göz açır. Erkən çağlardan təsviri sənətə, musiqiyə maraq göstərir. Onun da taleyinə gəncliyində İkinci Dünya müharibəsinin od-alovundan keçmək yazılır. SSRİ ordusu sıralarında Almaniyaya qədər gedib çıxır. Orada kirxada uşaqların oxumasına, orqan alətinin səsinə qulaq asır və bərk təsirlənir. Müharibə başa çatdıqdan sonra vətənə dönür.
Eduard Novruzov A.Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Təhsilini başa vurduqdan sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında oxuyur. L.Frolovanın dirijorluq sinfində bu sənətin sirlərinə yiyələnir.
Araşdırmalarda qeyd edilir ki, o zaman konservatoriyanın Xor dirijorluğu kafedrasının müdiri A.Yurlov olub. O, Azərbaycanda cəmi iki il (1954-1956) fəaliyyət göstərsə də, respublikamızda xor sənətinin inkişafında, müxtəlif təhsil ocaqlarında və müəssisələrdə özfəaliyyət xor kollektivlərinin yaranması üçün böyük səy göstərib. Onun təsiri altında tələbələr bədii özfəaliyyət kollektivləri ilə işləməyə başlayıb.
Eduard Novruzov tələbəlik illərində Leytenant Şmidt adına Zavodda fəhlə gənclərdən ibarət özfəaliyyət xoru təşkil edir. Onun rəhbərliyi altında qısa zamanda bu xor Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini öyrənir. Sonra SSRİ-də keçirilən gənclər festivallarında çıxış edir və mükafatlar qazanır. 1957-ci ildə E.Novruzov “26 Bakı komissarı klubu”nun nəzdində opera studiyası yaradır. O zaman opera tamaşalarının ifaçıları əsasən konservatoriyanın tələbələrindən ibarət idi. Dekorasiyalar ifaçıların özləri tərəfindən hazırlanırdı. Hətta kostyumları da hər ifaçı özü üçün tikdirirdi. Studiyaya Dövlət Opera və Balet Teatrının da ən yaxşı musiqiçiləri dəvət olunurdu. Bu studiyanın səhnəsində C.Verdinin “Traviata”, J.Bizenin “Karmen”, Ş.Hunonun “Faust” operaları nümayiş olunaraq tamaşaçıların diqqətini cəlb edə bilir. Sonralar bu studiya Xalq opera teatrı adlandırılır. 60-cı illərin sonunda burada Dövlət Opera və Balet Teatrında heç vaxt səhnələşdirilməyən M.Qlinkanın “Ruslan və Lyudmila”, J.Bizenin “Mirvari axtaranlar” və s. əsərlər nümayiş olunub. Anşlaqla keçən bütün tamaşaların dirijoru hər zaman E.Novruzov olub. O, nəinki xormeyster və dirijor olub, eyni zamanda tamaşaların rejissoru və rəssamı kimi də fəaliyyət göstərib.
E.Novruzov Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində pedaqoji fəaliyyət göstərir. İxtisas fənni dirijorluqdan başqa o, bloka daxil olan bir sıra fənləri – xorşünaslıq, xor partituralarının oxunuşu, xorla işin metodikası və s. tədris edir.
1962-ci ildə E.Novruzov Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu kafedrasında işləməyə dəvət olunur. Onun dərsləri emosional və maraqlı keçir. Tələbələr böyük maraqla onun apardığı opera tamaşalarında iştirak edir, eyni zamanda çalışdığı xor kollektivlərində xor ifaçılığı təcrübəsi keçirlər.
Araşdırmalarda o da qeyd edilir ki, Azərbaycanda xor kapellasının yaradılmasına təşəbbüs göstərənlər çox olub. Ancaq müxtəlif səbəblərdən bu kollektiv öz fəaliyyətini davam etdirə bilməyib. 1960-cı illərin ortasında Azərbaycanda artıq kifayət qədər professional vokalçı və ilk xormeysterlər yetişir. 1966-cı ildə E.Novruzov həmin professional ifaçıları bir araya gətirib Azərbaycan Dövlət Xor Kapellasını yaratmağa müvəffəq olub.
E.Novruzov bu kollektivə 1966-80 və 1985-93-cü illərdə rəhbərlik edib. Qeyd edək ki, ilk günlərdən kapella respublikanın aparıcı xor kollektivlərindən biri olub. Onun gərgin və dolğun fəaliyyəti sayəsində Azərbaycan Dövlət Xor Kapellası keçmiş ittifaq məkanında şöhrət qazanıb. Kapellanın repertuarında Azərbaycan və dünya bəstəkarlarının əsərləri yer alıb. Kollektivin yüksək professionallığı sayəsində C.Cahangirovun, R.Mustafayevin, Q.Qarayevin, A.Əlizadənin, V.Adıgözəlov və başqa bəstəkarlarımızın monumental əsərləri ifa olunub.
Sənətkarın Azərbaycan musiqisinin inkişafındakı əməyi yüksək qiymətləndirilir. Ona respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adı verilir.
Musiqi xadimi dirijorluq sənətinə dair kitab da yazıb. 1989-cu ildə müəllifin “Dirijorluq və estetika” kitabı işıq üzü görüb.
Professor Eduard Novruzov 1993-cü ildə Bakıda vəfat edib.
Savalan Fərəcov