Rus şairi Aleksandr Sergeyeviç Puşkin Qafqaza iki dəfə səyahət etmişdi: birinci dəfə hakimiyyəti və hökumət məmurlarını həcv etdiyinə görə 1820-ci ildə xidməti təyinat adı ilə Rusiyanın cənubuna sürgün edilən zaman, ikinci dəfə 1829-cu ildə. İlk səfərində yalnız Şimali Qafqazın Mineral Sularında olmuş, ikinci səyahətində isə daha cənuba – Qafqazın içərilərinə doğru gəlmişdi...
Tədqiqatçı-jurnalist Vasif Quliyevin “Puşkin və Şuşa” məqaləsində bu barədə söhbət açılır. AZƏRTAC məqaləni ixtisarla təqdim edib.
İki həftə – mayın 26-dan iyunun 10-na qədər Tiflisdə qalan Aleksandr Puşkin rus ordu hissələri ilə Türkiyənin Ərzurum şəhərinə qədər gedib çıxmışdı. 1829-cu ildəki Qafqaz səfəri şairin yaradıcılığında müstəsna rol oynamışdır. O həm birinci, həm də ikinci səyahətində Fazil xan Şeyda, Abbasqulu ağa Bakıxanov və başqa azərbaycanlı ziyalılarla tanış olub dostlaşmış, yol qeydlərində təzə tanışlar haqqında xeyli məlumat vermişdi. Şair, həmçinin rus ordusunun tərkibində döyüşən könüllülərdən ibarət Qarabağ müsəlman polkunun birinci yüzlüyünə başçılıq edən və sonralar polkovnik rütbəsinə qədər yüksəlmiş, bir sıra döyüş orden və medalları ilə təltif olunmuş Fərəculla bəy Uğurbəyovla və məşhur Cavanşir nəslinin hərbçi nümayəndəsi, yüksək qəhrəmanlıq nümunəsi göstərərək yaralı rus zabitini döyüş meydanından çıxarıb təhlükəsiz yerə aparan iyirmi yaşlı poruçik Fərhad bəylə də yaxından tanış olmuşdu. Onların döyüş meydanındakı göstərdikləri cəsurluq şairi vəcdə gətirmiş və onların hər ikisini general Rayevskinin çadır-qərargahında alqışlamışdı. Şair bu barədə “Ərzuruma səyahət” əsərində də bəhs etmişdi...
Peterburqa qayıdandan sonra Puşkinin şərəfinə verilən ziyafətlərin birində o, dostlarına özünün Ərzuruma səyahətindən danışır, Qafqazda gördüklərindən, azərbaycanlılarla tanışlığından, hərb meydanlarında şahidi olduğu şuşalıların igidliyindən heyrətlə və məftunluqla söhbət açır, onların döyüş səhnələrini təsvir edir. Məclisdə iştirak edən Novikov soyadlı bir rəssam dostu şairin obrazlı təsvirindən istifadə edərək dərhal Fərhad bəylə Fərəculla bəyin portretlərini çəkib, ona verir. Bu sənət əsərlərinin çox uğurlu alındığını görən şair rəsmlərinin qəhrəmanlarına çox bənzədiyini etiraf edərək şəkillərin altında öz xətti ilə həmin azərbaycanlı dostlarının adını yazıb.
...1899-cu ilin may ayında Rusiya, o cümlədən də, bütün Qafqaz Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 100 illik yubileyini bayram edirdi. Ölkədə elə bir qəza şəhəri, ya da bir mədəni mərkəz yox idi ki, orda şair anılmasın, onun şərəfinə yığıncaqlar keçirilməsin.
Həmin tarixi yubiley may ayının 26-da Şuşa Realnı Məktəbində də xüsusi təntənə ilə qeyd edildi. Bura yerli ziyalılar, mülki və hərbi idarələrin qulluqçuları, şagirdlərin valideynləri, şəhərin qonaqları da dəvət olunmuşdular. Tədbir məzmunca çox zəngin idi və olduqca maraqlı keçirdi. Şuşanın demək olar ki, bütün təhsil müəssisələrinin müəllimləri və şagirdləri səhər saatlarından başlayaraq dəstə-dəstə Realnı Məktəbin binasına doğru tələsirdilər.
Saat 10-da tədbir başlandı. Mərhum şairin ruhunu şad etmək üçün əvvəlcə matəm mitinqi keçirildi, dualar oxundu. Məktəbin direktoru bu təntənənin məqsəd, rol və gənclər üçün əhəmiyyətindən danışdı. Altınci sinif şagirdlərindən biri A.S.Puşkin barədə məlumat verdi. Rus dili müəllimi Sibirtsev sürəkli alqışlara səbəb olan “Dahinin xatirəsi” adlı parlaq və geniş bir nitq söylədi. Tədbir iştirakçılarından məktəbin şəriət müəllimi axund Mirzə Sadiq Lətifov, həkim Əbdülkərim bəy Mehmandarov, müəllim Yusif bəy Məlikhaqnəzərov, jurnalist Haşım bəy Vəzirov və başqaları böyük şair barədə ürək sözlərini dedilər, yuxarı sinif şagirdləri Puşkinin “Qafqaz”, “Peterburqun bünövrəsi”, “Gələcəkdən xəbər verən Olqa”, “Xatirə”, “Suda boğulmuş adam”, “At”, “Moskva”, “Körfəzdə yaşıl palıd” şeirlərini və poemalarından parçaları ifadəli şəkildə oxudular. Məktəb orkestrinin və xorunun ifasında şairin musiqili əsərlərinin ifası başlandı. Musiqi müəllimi Reslerin bəstələdiyi “Qafqaz altımdadır” təntənəli marşı tamaşaçıların xüsusi diqqətinə və heyrətinə səbəb oldu. Sonra dərslərini əla oxuyan və məktəbin ictimai işlərində uğur qazanan şagirdlərə mükafatlar verildi, tərifnamələr təqdim edildi. Böyük uğurla başa çatan təntənədən sonra əlaçı şagirdlərə yubiley hədiyyələri – şairin portretləri, xatirə üçün bütün məktəblilərə onun haqqında çap olunmuş kitabçalar paylandı.
Şuşada Puşkin günləri davam edirdi. Şairə həsr olunmuş tədbirlərdən biri də şəhər məktəbində çox böyük təntənə ilə keçirildi. Yerli əhalinin təşəbbüsü və şəhər dumasının vəsaiti ilə şagirdlər üçün həmin vaxtdan Puşkin adına təqaüd təsis olundu. 20 manat məbləğində olan həmin təqaüdün çox yüksək əxlaqi və dərs müvəffəqiyyəti ilə fərqlənən kasıb şagirdlərdən birinə verilməsi nəzərdə tutulurdu.
Qeyd etmək yerinə düşər ki, həmin vaxt Qori Seminariyasında şairin xatirəsinə həsr olunmuş ədəbi-musiqili gecənin keçirilməsində tələbə, sonralar Azərbaycanın görkəmli ictimai-siyasi xadimi kimi tanınmış məşhur pedaqoq, dilçi-alim və jurnalist, şuşalı Fərhad Ağazadə də fəal iştirak etmişdi. O, “Rus ədəbiyyatının və Puşkinin Azərbaycan tatarlarının ədəbiyyatına təsiri” mövzusunda məruzə etmişdi. Olduqca şövqlə tərtib edilən irihəcmli Puşkin albomunun hazırlanmasında da gənc tələbənin xüsusi rolu olmuşdu. Fərhad Ağazadənin albomuna daxil edilmiş bu iş iştirakçıların diqqətini xüsusi olaraq cəlb etmişdi. O həm də şairin “Tunc atlı” poemasında “Tənha dalğaların sahilində” parçasını xorla birlikdə oxumuşdu.
…1937-ci ilin fevral ayında Aleksandr Sergeyeviç Puşkinin vəfatından 100 il ötürdü. Ölkənin hər yerində, o cümlədən, respublikamızın bütün rayon və şəhərlərində də şairin vəfatının bir əsrlik yubileyinin keçirilməsinə hazırlıq işləri görülürdü. Şuşa Rayon Partiya Komitəsi Puşkin günləri keçirmək üçün komissiya təşkil etmişdi. Eyni zamanda, şəhər məktəbində yubileyə aid kabinə də düzəldilmişdi. Burada “Kapitan qızı”, “Belkinin hekayələri”, Səməd Vurğunun tərcüməsində “Yevgeni Onegin” əsərləri nümayiş etdirilir və divarları şairin portretləri bəzəyirdi. Məktəbdə böyük ədəbi-bədii gecə keçirmək nəzərdə tutulmuşdu.
Şəhər orta məktəbinin şagirdləri Sabir adına Kitabxanada və Pedaqoji Texnikumda Puşkin sərgisi düzəltmişdilər. Yerli şairlərdən Mirzə Xosrov Axundov (Şaiq), Novruz Heyrani, Kamal Qəhrəmanov və başqaları yubileyə yeni şeirləri ilə gəlmişdilər.
Nəhayət, fevralın 10-da puşkinsevərlər şəhər klubunda “rus poeziyasının günəşi”nin xatirə gecəsinə toplaşdılar. Rayonun rəhbər təşkilatlarının nümayəndələrinin və beş yüzdən çox tamaşaçının iştirak etdiyi təntənəli fəxri və əməli heyət seçildi. Şuşa Rayon İcraiyyə Komitəsinin sədr əvəzi Ağayev giriş sözü söyləyərək iclası açıq elan etdi. Dahi şairin yaradıcılığı haqqında Pedaqoji məktəbin ədəbiyyat müəllimi İsaq Məmmədovun məruzəsindən sonra Şuşa şəhər orta məktəbinin ədəbiyyat müəllimi Əyyub Musayev və İdris Hacıyevin çıxışları dinlənildi.
Olduqca maraqlı keçən gecədə Aleksandr Sergeyeviç Puşkinin əsərlərindəki obrazları göstərən ədəbiyyat nümunələrindən sərgi təşkil olunmuşdu. Bədii hissədə uşaq evinin, pedaqoji və musiqi texnikumlarının tələbələri konsert proqramı ilə çıxış etdilər. Azərbaycan, rus və başqa dillərdə şairin əsərlərindən parçalar söylədilər.
Puşkinin yubiley tədbirlərində fəal iştirak edən yerli şair Miribrahim Ağamirzadə şairə olan məhəbbətini “Mirnatiq” təxəllüsü ilə yazdığı “Yaşa, Puşkin, dünya durduqca yaşa!” şeirində qələmə almışdı.
...Şeirə, sənətə həmişə yüksək qiymət və dəyər verən şuşalı ədəbiyyat və poeziya həvəskarları dahi şairin həm anadan olmasının, həm də vəfatının 100 illiyini xüsusi təntənə ilə, böyük sevgi və məhəbbətlə qeyd etmişlər.