Sənəti ilə əbədi həyat qazanan Müslüm Maqomayevin 80 yaşı tamam olur
Ey əziz anam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan…
Baharlı yurdum, Azərbaycan!
Çinarlı yurdum, Azərbaycan!
Sənsən eşqim, zəfərim,
Çağlayan Kür, Xəzərim,
Günəşli al səhərim, Azərbaycan!
Xalq şairi Nəbi Xəzrinin misralarını dillər əzbərinə çevirən və bu sadə sözlərə əbədi sənət ömrü bəxş edən onun ecazkar musiqisi və bənzərsiz səsi oldu...
Avqustun 17-də Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin anadan olmasının 80 illiyi tamam olur.
Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev zəngin və rəngarəng repertuara malik ifaçı idi. Bu zənginlikdə onun özünün musiqi ömrü bəxş etdiyi bəstələr xüsusi yer tutur. Qüdrəti sənətkar opera ifaçılığının ecazkar nümunələrinə vokalçı kimi öz möhürünü vurmaqla bərabər, milyonlarla musiqisevərin rəğbətlə qarşıladığı mahnılar bəstələmişdi. Bizim üçün isə onun şah əsəri himnimiz qədər möhtəşəm səslənən “Azərbaycan” (“Baharlı yurdum”) mahnısıdır.
Bu dünyadan on dörd il əvvəl cismən köçən sənətkar səsi ilə əbədi yaşayacaq. Təsadüfi deyil ki, onun doğum və anım (25 oktyabr) günləri hər il təkcə doğma vətəni Azərbaycanda deyil, sevilib rəğbət gördüyü hər yerdə, o cümlədən ömrünün yarıdan çoxunu yaşadığı və milyonlarla pərəstişkarının olduğu Rusiyada geniş şəkildə qeyd edilir.
Bu günlərdə (15-19 avqust) Rusiyanın Birinci kanalında əfsanəvi müğənninin 80 illik yubileyi münasibətilə “Maqomayev” serialı nümayiş olunur. 2020-ci ildə ilk dəfə ekrana çıxan filmdə həmyerlimizi serb aktyor Miloş Bikoviç canlandırıb. Serial Moskvada və Bakıda çəkilib.
Bundan əlavə, Rusiya telekanalında avqustun 17-də sənətkarın həyat və yaradıcılığından bəhs edən “Müslüm Maqomayev. Yer üzünün ən yaxşı səsi” sənədli filmi nümayiş etdiriləcək.
Müslüm Maqomayevin 80 illiyi ilə bağlı Bakının baş səhnəsində – Heydər Əliyev Sarayında böyük konsert proqramı isə oktyabrda, sənətkarın anım günündə keçiriləcək.
V.Kamal