Dekabrın 13-də Almaniyanın Göte İnstitutu tərəfindən Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Bakıda keçirilən təlim-seminarın təşkilatçıları - Avropa Mədəniyyət Parlamentinin üzvü, Mədəni siyasət və art menecment üzrə müstəqil ekspert Cahangir Səlimxanov, almaniyalı mütəxəssislər Malte Bergmann və Marc Piesbergen Azərbaycan Turizm İnstitutunun qonağı olub.
ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov təhsil ocağı barədə qonaqlara məlumat verərək mədəniyyətin idarə olunması istiqaməti üzrə menecment kadrların hazırlığına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Cahangir Səlimxanov toplaşanların diqqətinə çatdırıb ki, bu gün dünyada aktuallığı ilə seçilən mövzulardan biri məhz müasir şəhər və regionlarda mədəni istehsal sahəsində inkişafın canlandırılmasıdır: «Bakıda keçirilən ikigünlük seminar-təlimin əsas məqsədi qeyd edilən problemin həllinə nail olmaqdır”.
Görüşdə mədəniyyət və qloballaşma seriyasından “Mədəniyyət iqtisadiyyatı” adlı beynəlxalq məcmuənin Azərbaycan dilindəki xülasəsi müzakirə olunub. Sual-cavab-təklif şəklində gerçəkləşən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev iştirak edib.
Fəxriyyə Abdullayeva