Turizm şirkətləri Beynəlxalq Qarşılıqlı Hesablaşma Sisteminə keçidi dəstəkləyirlər
   
   Azərbaycan Turizm Assosiasiyası 2011-ci ilin yekunlarına həsr olunmuş geniş toplantı keçirib. Toplantıda qurumun birillik fəaliyyəti, turizm şirkətlərinin Beynəlxalq Qarşılıqlı Hesablaşma Sisteminə (BSP) keçidi, 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision» musiqi yarışmasına hazırlıq və s. məsələlər müzakirə olunub. Tədbir çərçivəsində «Qatar Airways» aviasiya şirkətinin təqdimatı da keçirilib.    

   AZTA İntizam komissiyasının sədri Göydəniz Qəhrəmanov toplantı iştirakçılarını qurumun bir il ərzində gördüyü işlər barədə məlumatlandırıb. Onun sözlərinə görə, hesabat dövründə AZTA-nın üzvlərinin sayı artıb, hazırda qurumda 87 turizm şirkəti təmsil olunur.
   Qurumun beynəlxalq əlaqələri də genişlənir. 2011-ci ildə AZTA Dünya Turizm Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib: “Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Qarşılıqlı Hesablaşma Sisteminin (BSP) nümayəndəliyi yaradılıb. Nümayəndəliyə ölkəmizdə fəaliyyət göstərən 5 turizm şirkəti və 5 aviaşirkət daxildir. Bizim üçün əlamətdar hadisələrindən biri də AZTA-nın BSP İdarə Heyəti tərəfindən «Eurovision» müsabiqəsində rəsmi tərəfdaş seçilməsidir”.
   «SW Travel» turizm şirkətinin direktoru Şirzad Əfəndiyev şirkətlərin BSP-yə daxil olması üçün lazım olan qaydalar haqqında məlumat verərək bildirib ki, yeni sistemə keçmək istəyənlər nümayəndəliyə müraciət etməlidirlər: «Bu şirkətlər dekabrın 15-dən BSP sisteminə daxil ediləcəklər. Amma onlar köhnə ödəmə sistemindən tamamilə imtina edib 2012-ci il martın 1-dək olan müddət üçün minimum 50 min manatlıq bank təminatı təqdim etməlidirlər».
   «Millennium Tourism & Congress DMC»in rəhbəri Ruslan Quliyev və «Skylife Travel» turizm şirkətinin direktoru Hakan Evsen çıxış edərək yeni bank ödəmə sisteminə keçidin üstünlüklərindən danışıblar. Tədbirdə qeyd edilib ki, yeni sistemə keçid heç də asan olmayacaq. Bunun üçün turizm şirkətləri öz işlərində müştəri ödəmələri ilə bağlı kökündən dəyişiklik etməlidirlər.
   Tədbirin sonunda AZTA üzvləri yekdilliklə Beynəlxalq Qarşılıqlı Hesablaşma Sisteminə keçidlə bağlı qərarın lehinə səs veriblər.
   

  Fəxriyyə Abdullayeva