“Bird Watching” turizm marşrutunun təqdimatı oldu
Dekabrın 9-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şirvan Milli Parkına infotur keçirildi. Səfər “Turizm ili” ilə bağlı ölkə prezidentinin təsdiq etdiyi Tədbirlər Planının 29-cu bəndinə (milli parklarda və onlara yaxın ərazilərdə ekoturizm, xüsusən də “Bird Watching” turizm növü üzrə turların təşkili, təşviqi və təqdimatların keçirilməsi) uyğun olaraq təşkil olunmuşdu. İnfoturda nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları, turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Tədbir çərçivəsində Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə («Bird Watching») marşrutunun təqdimatı oldu.
...Şirvan Milli Parkına çatanda hava günəşli olsa da, nisbətən soyuq idi. Bizi bələdçi Nurlan Şükürov qarşıladı. İnfotur iştirakçıları əvvəlcə parkın girişində yerləşən məlumat mərkəzi və ekoturizm xidmətinin fəaliyyəti, bölgənin turizm imkanları ilə tanış oldular. Öyrəndik ki, 2003-cü ildə yaradılan park Bakı şəhərinin Qaradağ rayonunun, habelə Salyan və Neftçala rayonlarının ərazilərində yerləşir. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54 min 373,5 hektarında Şirvan Milli Parkı, 6 min 232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4 min 930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. Parkın şərq sərhədini Xəzər dənizi sahili təşkil edir. Təxminən 20 kilometr sahil boyunca əlverişli təbii şərait ilin istənilən mövsümündə quşların yaşamasına imkan verir. Biz isə əlimizdə durbinlərlə “Bird Watching”ə hazır idik.
Yolboyu Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, biologiya elmləri namizədi Elçin Sultanov parkın təbiəti, faunası haqqında məlumat verdi. Dünyada 100 mindən çox quş növünün olduğunu deyən Elçin müəllimin sözlərinə görə, bu gün müxtəlif ölkələrdə “Bird Watching” turizm növünə maraq artıb: “Böyük Britaniya, Niderland və Almaniyada geniş yayılan bu turizm növünün inkişafı üçün Azərbaycanda da gözəl şərait var. 2006-cı ildə İngiltərədə keçirilən sərgidə Azərbaycanın da bu sahədə turizm imkanları nümayiş olunub”.
Milli Parkda nadir heyvanlar qorunur
Milli Parkın ərazisində Böyük və Kiçik Çala (Qızılqaz-Flaminqo) gölləri XX əsrin 50-ci illərində parkın ərazisindən keçən Salyan sutoplayıcı kanalının dağılması nəticəsində əmələ gəlib. Göllər su-bataqlıq quşlarının yaşayışı üçün çox əlverişlidir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması canlıların qış mövsümündə burada yaşamasına imkan yaradır. Vaxtilə bu göldə qayıqla gəzmək də mümkün olub. Su azaldığından indi, bu, mümkün deyil. Bələdçimiz Nurlan Şükürov ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakim olduğunu deyir. Milli Parkda “Qırmızı kitab”a düşmüş ceyranlar və ərazi üçün səciyyəvi olan fauna növləri qorunub saxlanılır. Elə hər addımbaşı gözə dəyən, dərhal da ürkərək qaçan ceyranların çoxluğu bu parkda zərif canlıların qorunmasına və artımına xüsusi diqqət verildiyini göstərir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir.
“Nəğməli” qamışlıq
Flaminqo gölünə çatar-çatmaz infotur iştirakçılarından səssizlik tələb olundu. Qamışlıqda quşları müşahidə edəcəkdik. Bataqlıq üzərində qurulan estakada quşların diqqətindən yayınıb onları müşahidə etməyə imkan verirdi. Biologiya elmləri namizədi Elçin Sultanov teleskopu qura-qura, pıçıltı ilə burada olan quş növlərindən danışırdı. Flaminqo gölü su quşları üçün əsl oazisdir. Dəstə ilə üzən müxtəlif ördək növlərini, qu quşlarını, qartalın uçuşunu izləmək, onları fotokameranın yaddaşına köçürmək isə insanda fərqli duyğular yaradır. Qeyd edək ki, burada harayçı qu, tetras, enliburun ördək, müxtəlif vağ, 20-dən artıq yırtıcı quş növləri, nadir quşları müşahidə etmək mümkündür. Bəxtiniz gətirsə, flaminqonu da görə bilərsiniz.
Daha sonra müşahidəni izləmə prosesini asanlaşdıran hündür alaçıq üzərində apardıq. Durbinlər quşların üzməsini, hərəkətini, qidalanmasını yaxından izləməyə imkan verirdi.
Qrup halında turistlərə güzəştlər var
Şirvan Milli Parkına istər yerli, istərsə də xarici qonaqlar böyük maraq göstərirlər. Bələdçimiz Nurlan Şükürovun sözlərinə görə, burada faunanın gözəlliyindən həzz almaq istəyənlər əvvəlcədən istənilən banka 2 manat ödəyərək əldə etdiyi çeki Milli Parka təqdim etməklə ərazini gəzib istirahət edə bilər. Qrup halında gələnlərə güzəşt olunur. Əcnəbi turist üçün parkda gəzinti 4 manata başa gəlir. Əcnəbilərdən ibarət 5 nəfərdən çox olan qruplara da məbləğdə müəyyən güzəşt olunur.
“Bird Watching” perspektivli turizm növüdür
Söhbət əsnasında infoturun əhəmiyyətindən danışan Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev Azərbaycanda “Bird Watching” turizm növünün perspektivindən söz açır: “Azərbaycanda bu turizm növü yeni inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyi müxtəlif turizm növlərinin inkişafında maraqlıdır. Ötən dövr ərzində “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi çərçivəsində bir sıra turist marşrutları təqdim olunub. Budəfəki infotura turizm şirkətləri də cəlb edilib. 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında “Bird Watching” turizm növü ilə bağlı maddədə yer alıb. Düşünürəm ki, quşları müşahidə etmək həvəsində olanlar üçün bu marşrut çox maraqlı olacaq”.
«Millennium Tourism & Congress DMC»nin infoturda iştirak edən əməkdaşı Rəşad Mirzəzadə infoturun əhəmiyyətli olduğunu deyir: “Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsini yüksək qiymətləndirirəm. Artıq bu gün belə maraqlı turist marşrutunun olduğunu bildik. Müraciət olarsa, bu turizm növü üzrə də xidmət göstərə bilərik”.
Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, biologiya elmləri namizədi Elçin Sultanov isə hesab edir ki, bu turizm növünü inkişaf etdirməklə, Azərbaycana çoxsaylı turist cəlb etmək olar. “Avropada bu sahə çox inkişaf edib. Hər il müxtəlif ölkələrdə quş müşahidə sərgiləri keçirilir, ölkələrin turizm potensialı tanıdılır. Azərbaycan faunası çox zəngindir. Azərbaycan dünyanın “Bird Watching” həvəskarları üçün maraqlı turist marşrutu ola bilər.
Mahmudçalada müşahidə
Səfərimizin son dayanacağında iştirakçılar Salyan rayonu ərazisində yerləşən Mahmudçala gölü ərazisində quşları müşahidə etdilər. Məlumat verildi ki, ölkəmizdə mövcud olan çoxsaylı su-bataqlıq sahələrində olduğu kimi burada da su-bataqlıq quşları özlərinə sığınacaq tapıblar. Ölkəmizin düzən sahələrində kifayət qədər isti, dayaz (adətən 1-5 metr dərinliyində) qarğı və qamışla örtülü, adətən qışda da donmayan çoxlu göllər yerləşib. Burada bitki örtüyünün çoxunu qarğı və qamış təşkil edir. Qamışlı göllər və sahilyanı dayazlıqlar quşların sığınacağını təşkil etməklə, əsas yuvalama yerləridir. Çünki bu qamışlıqlar (qarğılıqlar) yuvalama zamanı quşlara gizlənməyə imkan verir.
* * *
İlin istənilən fəslində Şirvan Milli Parkı təbiət həvəskarlarının yolunu gözləyir. Yeri gəlmişkən, burada turistlər qonaq evinin imkanlarından da istifadə edə bilərlər. Əgər yolunuz buradan düşərsə, özünüzlə durbin və ya teleskop götürməyi unutmayın. Və əmin olun ki, çox maraqlı və fərqli istirahət edə biləcəksiniz.
Ceyhun Zərbəliyev