V yazı
“Şuşanın abidələri” rubrikasında mədəniyyət paytaxtımızın tarixi-mədəni tikililəri haqqında söz açmağa davam edirik.
Culfalar məscidi
Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri Culfalar məhəlləsi idi. Tanınmış tədqiqatçı jurnalist Vasif Quliyevin “Şuşanın məhəllələri” sərlövhəli məqaləsində qeyd edilir ki, Culfalar məhəlləsinin böyük bir hissəsi əsasən culfaçılıq sənəti ilə, yəni bez istehsalı ilə məşğul olur, əl dəzgahlarında pambıq parçalar toxuyur, müxtəlif geyim nümunələri hazırlayırdılar. Bu sənətlə məşğul olanlara “culfaçılar” deyilirdi və onların yaşadıqları məhəllə isə “Culfalar” adlanırdı.
Məlum olduğu kimi, Şuşanın hər məhəlləsinin öz məscidi var idi. Şuşanın məhəllə məscidlərindən Culfalar məscidi XIX əsrdə məşhur memar Kərbəlayı Səfixan Qarabağinin yaradıcılıq ideyaları əsasında inşa edilib. İkimərtəbəli məscidin ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı var. Baş fasadın ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik ümumi ibadət zalı baş fasad və mehrab tərəfdən qoyulmuş iki pəncərə vasitəsilə işıqlanır. Məscidin damörtüyü adi yaşayış binalarında olduğu kimi dördbucaqlıdır. Qarşısında çox da geniş olmayan meydan var. Həmin meydan qarşıdakı küçə ilə məhdudlaşır.
Tikili yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.
Marinski Qız məktəbi
Şuşa Marinski Qız məktəbi (Marinski Qadın gimnaziyası) 1875-ci il oktyabrın 26-da Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təsis edilmişdi. Məktəbin tədris planı təcrübi əhəmiyyəti olan fənlər, o cümlədən rus dili, hesab, ana dilində oxu və yazı, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıqdan ibarət olub. Bunlardan əlavə, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan məlumat verilirdi. Təhsil pullu idi, lakin kasıblar təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə həm də fransız və alman dilləri tədris edilir, musiqi öyrədilirdi. Gimnastika valideynlərin arzusundan asılı olaraq pulsuz keçilirdi.
Əməkdar jurnalist Flora Xəlilzadə “Ruhumuzun ünvanı Şuşa” kitabında yazır ki, Şuşa Marinski Qız məktəbi 1894-cü ildən dördsinifli məktəbə çevrilir. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaradır. 1901-ci ildə burada təhsil alanların 7-si azərbaycanlı idi. Məktəb azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb.
Təhsil ocağının binası yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.
Novlu bulaq
Şuşanın məşhur bulaqlarından biri olan Novlu bulaq rayonun Malıbəyli kəndində yerləşirdi. Qarabağ təbiətinin nadir incilərindən sayılan Novlu bulaq 1880-ci ildə inşa edilib. Məlumata görə, bulaq Xurşidbanu Natəvanın maliyyə dəstəyi ilə yerli əhali tərəfindən çəkilib. Natəvanın təklifi ilə bulağa “Novlu bulaq” adı verilib.
1992-ci il fevralın 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Yerli əhəmiyyətli abidələr sırasında olan Novlu bulaq da işğal zamanı yararsız vəziyyətə salınıb.
Mir Möhsün Nəvvabın evi
Mir Möhsün Nəvvabın (1833-1918) evi görkəmli şair, rəssam və maarifçinin adını daşıyan küçədə yerləşir. Nəvvab bu evdə yaşayıb fəaliyyət göstərib.
Sovet dövründə evdə muzey yaradılıb, evin otaqları divar rəsmləri ilə bəzədilib. “Şuşa” qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki, M.M.Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif mövzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra görkəmli şairin ev-muzeyinə çevriləcək. Ev-muzeyi isə bir sıra səbəblərdən illər sonra – 1990-cı ilin noyabr ayında fəaliyyətə başlayıb. Muzeydə Nəvvabın həyat və yaradıcılığından bəhs edən 130 eksponat sərgilənirdi. Eksponatlar içərisində sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri var idi. Muzeydə Nəvvabın çapçılıq fəaliyyətini isbatlayan eksponatlar da nümayiş etdirilirdi.
Ermənilər tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilib, talan olunub. İşğal zamanı eksponatların çoxunu xilas etmək mümkün olmasa da, bəzi eksponatlar hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Şuşa məscidində Nəvvaba aid guşədə qorunan əşyaların əksəriyyəti Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyeva deyir ki, daimi ekspozisiya bölməsində Nəvvabın qrafik əsərlərindən “Çiçəklənən kol”, “Teymurləngin portreti” və bir ədəd tempera texnikasında işlənmiş şəxsi qələmdanı nümayiş olunur. Bundan başqa, muzeyin təşkil etdiyi “Mədəniyyətimizin incisi – Qarabağ” adlı sərgidə Nəvvabın “Şuşada dini mərasim. Kərbəla müsibəti. Aşura”, “Şuşada dini mərasim. Kərbəla müsibəti. Şəbih” adlı qrafika əsərləri, “Bülbül və qızılgül”, “On iki bənd” adlı fars dilində yazılmış əlyazma kitabları və iki ədəd rəhil nümayiş etdirilir.
Nəvvabın Şuşadakı evi Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.
Nurəddin