Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şabran şəhərinə infotur təşkil olunub. “Turizm ili” çərçivəsində və Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən Şabran şəhərinin 2011-ci il üzrə “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunması ilə əlaqədar təşkil olunan infoturda nazirliyin nümayəndələri və ölkəmizdə fəaliyyət göstərən kütləvi-informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
   Qeyd edək ki, Azərbaycanda mədəniyyət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, onların fəaliyyətlərinin əhəmiyyətli dərəcədə yeniləşdirilməsi və canlandırılması, milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində mühüm addımlar atılır. Bu sahədə həyata keçirilən layihələrin davamı kimi Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə ölkəmizin şəhər və rayonlarından daxil olmuş təkliflər, namizəd şəhərlərin tarixi ənənələri, xalq yaradıcılığı subyektlərinin sayı, mədəniyyət infrastrukturunun mövcud vəziyyəti və digər amilləri nəzərə alınaraq Şabran şəhəri 2011-ci il üçün “Əfsanələr Paytaxtı” elan edilib.

  Fəxriyyə Abdullayeva