2012-ci ilin əvvəlindən ölkədə lisenziyasız fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə bağlı ciddi tədbirlər görüləcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, ölkədəki lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlərə lisenziyalaşdırılma üçün ilin sonunadək vaxt verilib. Hazırda ölkədə lisenziyasız fəaliyyət göstərən bütün mehmanxana və mehmanxana tipli obyektlər lisenziyalaşdırılmaya cəlb edilir.
   Ölkədə 319 mehmanxana və mehmanxana tipli obyektin lisenziya ilə fəaliyyət göstərdiyini deyən nazirlik rəsmisi hesab edir ki, ilin sonunadək lisenziya alan mehmanxana və mehmanxana tipli obyektlərin sayında artım olacaq: «Lisenziyasız mehmanxanaların hələlik ilin sonuna kimi vaxtları var. Şəraitləri minimal tələblərə uyğun olmayan obyektlərə nazirlik tərəfindən lisenziya verilmir. Amma normal fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər lisenziyalaşdırılma üçün sənədlərini hazırlayırlar. Onların sənədlərinə baxılacaq».
   Onun sözlərinə görə, lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlərin çoxu Nabrandadır. Hazırda onların da çoxu qış mövsümü olduğu üçün işləmir: «Hazırda qış mövsümü olduğu üçün işləyən obyektlərin sayı azalıb. Amma yay aylarında onlar yenidən işləyəcəklərsə, təbii ki, tədbir görüləcək. Bakı şəhərində lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlər demək olar ki, yoxdur. Paytaxtda və Abşeron rayonunda 115 mehmanxana və mehmanxana tipli obyekt lisenziya ilə fəaliyyət göstərir».
   
   Fəxriyyə Abdullayeva