«Turizm ili» ölkəmizdə bu sahənin yeni mərhələyə qədəm qoyduğunu göstərir
   
   Bu gün dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri turizmdir. Turizm sektoru əhatə dairəsinə, maliyyə imkanlarına görə dünyanın bir çox ölkələrində aparıcı sənaye sahələri ilə rəqabətə girir. Çünki səyahətə çıxmaq, gözəl təbiət qoynunda mənalı istirahət etmək, tarixi yerləri, qədim abidələri görmək, mədəniyyət və incəsənət nümunələri, rəngarəng adət və ənənələrlə tanış olmaq getdikcə daha çox insanın mənəvi tələbatına çevrilir. Cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafının nəticəsi olaraq yaranan, mənəvi zənginlik və rekreasiya ehtiyaclarının ödənilməsinə xidmət edən turizmin təşkili üçün ölkənin əlverişli təbii imkanları ilə yanaşı, ümumi iqtisadi göstəriciləri də mühüm şərtdir.
   
   Hazırda iqtisadiyyatın elə sahələri var ki, burada dünya bazarına çıxıb rəqabət aparmaq çətindir. Turizm sahəsində isə Azərbaycanın rəqabət üçün imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin mədəniyyətimiz, çoxəsrlik tariximiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, dövlət də turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkə prezidenti tərəfindən Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin göstəricisidir. Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.
   
   Yeni viza qaydaları «Turizm ili»nə töhfədir
   
   «Turizm ili»nin bu sektorun təmsilçilərinə mühüm töhfələrindən biri “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul olunması oldu. Dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdırdı və elektron vizaların tətbiqinə imkan verdi. Ekspertlər bunu ölkəmizə gəlmək istəyən xarici turistlərin rahatlığı və prosesin şəffaflığı baxımından mühüm yenilik kimi qiymətləndirirlər. Çünki bundan sonra ölkəsində Azərbaycan səfirliyi olmayan əcnəbi viza almaq üçün daha üçüncü ölkəyə getmək məcburiyyətində qalmayacaq. Onun müraciət etdiyi turizm şirkəti rahat şəkildə elektron yolla viza almaq üçün sənədləri üçüncü ölkədəki Azərbaycan səfirliyinə çatdıracaq. Nəticədə isə bu iş üçün cəmi bir neçə dəqiqə sərf olunacaq.
   «R&R travel» turizm şirkətinin rəhbəri Rüstəm Əhmədov turist vizalarına tətbiq olunan yeni qaydaların əhəmiyyətini qeyd edərək deyir ki, bundan sadə və asan sistem ola bilməz: “Bu qaydaların böyük üstünlükləri var. Yəni e-mail vasitəsilə birbaşa səfirliyə müraciət olunur və həmin səfirlikdən gələn müsbət cavab əsasında şəxsə viza verilir. 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı bu məsələnin gündəmə gəlməsi çox önəmlidir və turizm şirkətlərinin fəaliyyətinə müsbət təsir edəcək. Eyni zamanda bu, turizm şirkətlərinin məsuliyyətini də artırır”.
   Azərbaycanda turizmin inkişafının təşviqi ilə yanaşı, ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliği də prioritet məsələlərdən biridir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə nazirlik 2012-ci ildə 18 beynəlxalq turizm sərgisində iştirak edəcək. 2011-ci ildə isə belə sərgilərin sayı 16 olub. Bundan əlavə, Azərbaycanın turizm ölkəsi kimi tanıdılması məqsədilə «Euronews», «Travel Channel» və «CNN» kimi nüfuzlu telekanallarda reklam çarxları yayımlanıb. Eyni zamanda bəzi ölkələrin tanınmış nəşrlərinin brendi ilə respublikamızın turizm potensialı, tarixi məkanları, mehmanxanaları, istirahət mərkəzləri haqqında məlumatların yer aldığı kitabçalar çap edilib.
   
   Turizmin inkişafı büdcə gəlirlərini artırır, işsizliyi azaldır
   
   Son illər Azərbaycanda turizm sahəsinin sürətli inkişafı nəticəsində yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilir. Beləliklə, regionların sosial-iqtisadi inkişafında da bu sahə əvəzsiz rol oynamağa başlayıb. Ekspertlərin hesablamalarına görə, ölkəmizdə mövcud imkanlardan istifadə edərək ümumi daxili məhsulun 10 faizini turizmdən əldə etmək mümkündür.
   Azərbaycanın regionlarında da turizmin imkanları genişdir. Bu məqam regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında da əksini tapır. Millət vəkili, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramı turizm üçün baza rolunu oynayacaq infrastrukturun qurulmasına müəyyən zəmin yaradıb. 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramında isə birbaşa turizmlə əlaqəli olan, bu sahəyə xidmət edən müvafiq strukturun qurulması barədə mühüm işlər əksini tapıb: “Təkcə onu demək kifayətdir ki, hazırda ölkədə təxminən 40-a yaxın müxtəlif ulduzlu mehmanxana və mehmanxana tipli obyektlər tikilir ki, bunların hamısı istifadəyə verildikdə Azərbaycanda turist yerləşdirmə yerlərinin sayı 30 faiz artaraq indiki 30 mindən 40-42 minə çatacaq. Bu da Azərbaycan tarixində rekord göstərici deməkdir”.
   Regionlarda yeni iş yerlərinin yaradılmasında turizmin rolu olduqca əhəmiyyətlidir. Ekspertlərin hesablamalarına görə, bu istiqamətdə mövcud potensialdan istifadə olunarsa, turizmdə çalışanlar məşğul əhalinin təxminən 10 faizini təşkil edə bilər. Elə bu səbəbdən də İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu həm 2011-ci ilin “Turizm ili” elan olunmasını, həm də turizmin regionların sosial-iqtisadi inkişafında əhəmiyyətini nəzərə alaraq turizmlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Fondun vəsaitləri hesabına Lənkəran, Xaçmaz və Şəkidə həyata keçirilən 4 layihədə 128 yeni iş yerinin açılması nəzərdə tutulur.
   İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, fonda təqdim olunan layihələrin maliyyələşdirilməsində əsas meyarlardan biri məhz neçə yeni iş yerinin açılmasıdır: «Maliyyələşdirilən layihələrin monitorinqi aparılır və biznes-planda nəzərdə tutulan iş yerlərinin açılmasına ciddi nəzarət olunur. Həmçinin yeni yaradılan müəssisələrdə iş yerlərinin daimiliyi də şərtlər sırasındadır. Layihələrdə yaradılacaq iş yerlərinin neçəsinin daimi, neçəsinin müvəqqəti olacağı da göstərilməlidir».
   
   İnvestisiya layihələri təşviq olunur
   
   Azərbaycan dünyada xarici investisiya qoyuluşları üçün geniş imkanları olan ölkə kimi tanınır. 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar investisiya qoyulub ki, bunun da 8,2 milyard dolları xarici, 7,3 milyard dolları yerli investisiyadır. Əlamətdar haldır ki, bu vəsaitin 9,3 milyardı qeyri-neft sektoruna cəlb edilib.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, hazırda nazirlik tərəfindən turizmə dair 8 investisiya layihəsi təqdim olunub: “Həmin layihələrin təşviq olunması istiqamətində müvafiq işlər aparılır. Xaricdə ölkəmizin turizm potensialının tanıdılması məqsədilə təşkil olunan tədbirlərdə İqtisadi İnkişaf Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həmin investisiya layihələrinə dair təqdimatlar təşkil edir”.
   
   Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır
   
   Qeyd edək ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutlarımız Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
   Əsas marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində işlər görülür. Həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. Belə ki, Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıdılması üçün layihələr həyata keçirilir. Bunlar «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələridir. Bu, eyni zamanda ölkəmizə gələn turistlərin sayının artmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
   Mədəniyyət və Turizm Nazirliyindən verilən son statistikada göstərilir ki, hazırda Azərbaycanda 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərin 319-na Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Ümumilikdə ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb. Hazırda Azərbaycandakı hotellərin 15-i “beş ulduz”ludur. Ölkədə 37 “dörd ulduz”lu, 21 “üç ulduz”lu, 3 “iki ulduz”lu hotel fəaliyyət göstərir.
   Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır. Rəsmi məlumatlara görə, 2010-cu ildə Azərbaycana 1 milyon 962 min 906 nəfər əcnəbi gəlib. Onlardan 1 milyon 494 min 725 nəfəri turist olub. 2011-ci ilin ilk 6 ayı ərzində isə bu rəqəm 1 milyon 16 min nəfər olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir.
   
   Fəxriyyə Abdullayeva
   
   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur