Dahi musiqiçi haqqında xatirələr Azərbaycan dilində çap olunacaq

 

Avqustun 20-də dünya şöhrətli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları, beynəlxalq Nehru mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov; 1912-1984) anadan olmasının 110 illiyi tamam oldu.

Bu münasibətlə avqustun 18-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində tədbir keçirildi.

Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq maestronun həyat və sənət yolundan, yaradıcılığının təbliği məqsədilə görülən işlərdən danışdı. Bildirdi ki, Niyazi milli simfonizmin təşəkkülü və inkişafında böyük xidmətlər göstərib, müxtəlif janrlarda qiymətli musiqi əsərləri yaradıb. Yaddaşlara əbədi həkk olunan bu əsərlər dinləyicilər tərəfindən bu gün də böyük məhəbbətlə qarşılanır.

Qeyd edildi ki, Niyazi müxtəlif illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olub. O, respublikamızın hüdudlarından kənarda da sənətkar məharətini göstərib, Leninqrad (Sankt-Peterburq) Opera və Balet Teatrında, Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında, Ankara Opera və Balet Teatrında “Məhəbbət əfsanəsi”, “Yatmış gözəl”, “Daş çiçək”, “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Aida” kimi dünya şöhrətli əsərlərin tamaşasına dirijorluq edib.

Alla Bayramova onu da diqqətə çatdırdı ki, 1987-ci ildə rus dilində nəşr olunan “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabından xatirələr bölməsi Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən ilk dəfə Azərbaycan dilində çapa hazırlanıb. Xatirələri dilimizə Niyazinin Mənzil-Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov və muzeyin şöbə müdiri Xanımbacı Abdinova çevirib. Kitabda görkəmli ədəbiyyat və incəsənət xadimlərinin maestro Niyazi haqqında xatirələri muzeyin zəngin kolleksiyasındakı fotomateriallarla birlikdə təqdim olunur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitaba Azərbaycan və Türkiyənin bir sıra incəsənət xadimlərinin xatirələri də əlavə olunub.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov maestro Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərindən danışdı. Qeyd etdi ki, milli musiqimizin təbliğində Niyazinin böyük əməyi olub. Azərbaycan bəstəkarlarının simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyaları onun idarəsində səslənib. Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı da məhz Niyazinin adı ilə bağlıdır. O həm də Azərbaycan bəstəkarlarının böyük bir nəslinin yetişib formalaşmasına əvəzsiz töhfələr verib.

Xalq artisti Eldar İsgəndərov, Əməkdar artist Fuad İbrahimov, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov və Cavad Tağızadə çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, Niyazi SSRİ məkanında qadağaların çox çətin vaxtlarında Türkiyədə qastrolda olub. Bu, Azərbaycanla qardaş Türkiyə arasında mədəni körpülərin qurulması baxımından önəmli hadisə idi.

Niyazinin yaxın qohumu Sahib Qədimov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə və iştirakçılara öz təşəkkürünü bildirdi. 

Çıxışlardan sonra “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının elektron variantı təqdim edildi. Muzeyin elmi işçiləri Ərizə Abdullayeva, Azər Həşimov və başqaları həmin xatirələrdən bəzi maraqlı fraqmentləri səsləndirdilər. Çıxışlar mövzu üzrə slayd-şou ilə müşayiət edilirdi.

Sonda konsert proqramı təqdim olundu. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü Toğrul Abdullayev, Xırdalan şəhər onbirillik Musiqi məktəbinin müəllimi Sevinc İbrahimova, respublika və beynəlxalq müsabiqələr laureatı, İstanbul Memar Sinan Universitetinin II kurs magistrantı Aydan Rüstəmzadənin ifalarında Niyazinin “Konsert valsı”, “Rast” simfonik muğamından fraqmentlər, “Arzu” romansı, “Xosrov və Şirin”, “Rəqs”, həmçinin Fikrət Əmirovun “Azərbaycan elləri”, Fərhad Bədəlbəylinin “Niyaziyə ithaf” və “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

Savalan Fərəcov