Əslən Şuşadan olan, bu şəhərdə doğulub-böyüyən, həyatının müəyyən mərhələsi Şuşa ilə bağlı olan, burada şəhidlik zirvəsinə qovuşan Milli Qəhrəmanlarımızı tanıtmaqda davam edirik. “Şuşalı Milli Qəhrəmanlar” silsiləsində son olaraq Rizvan Teymurovdan söz açacağıq.

Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində anadan olub. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirib, növbəti il ordu sıralarına çağırılıb. Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vurduqdan sonra vətənə qayıdıb.

Rizvan Teymurov 1987-ci ildə iş dalınca Rusiyanın Arxangelsk vilayətinə gedir. Ancaq həmin dövrdən Ermənistanın ölkəmizə qarşı məkrli planları yenidən üzə çıxmağa başlayır və 1990-cı ildə o, yenidən vətənə dönməyə qərar verir. Bir müddət iaşə xidməti sahəsində çalışır. Artıq erməni separatçıları Qarabağda davamlı olaraq təxribatlar törədir, bu elin əzəli sakinlərini didərgin salmaq üçün əllərindən gələni edirdilər.

Həmin dövrdə Şuşa Rayon Daxili İşlər Şöbəsi nəzdində Xüsusi təyinatlı polis dəstəsi yaradılanda Rizvan da tərəddüd etmədən bu dəstəyə yazılır. Qorxubilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndidə erməni terrorçularının zərərsizləşdirilməsində böyük şücaət göstərir. Rizvan döyüşlər zamanı Xocalı-Şuşa avtomobil yolunda, Qarqar çayı üzərindəki Ağa körpüsü yaxınlığında minaya düşür və ağır xəsarətlər alır. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüşə yollanır.

Rizvan 1991-ci il dekabrın 9-u sübh tezdən əməliyyata gedəcəkdi. Gecədən xeyli keçsə də, gözünə yuxu getmirdi. O, qalxıb yoldaşlarının yanına – Kərkicahana getməyi qərara alır. Gecə erməni yaraqlıları qəfil hücuma keçirlər. Lakin cəsur döyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkilirlər. Hərbçi yoldaşının sözlərinə görə, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə Rizvan təkbaşına 15-ə yaxın erməni əsgərini məhv edərək qəhrəmancasına şəhadətə yüksəlir.

Şəhidin bacısı Zəminə Babayeva qardaşı ilə bağlı deyib: “1992-ci il fevralın 11-də doğma kəndimiz işğal edildikdən sonra ailəmiz və yaxın qohumlarımızla birgə doğma yurdumuzdan didərgin düşərək Göyçay rayonunun Qaraməryəm kəndində məskunlaşdıq. Artıq hər iki valideynimiz vəfat edib. Uzun illər keçməsinə baxmayaraq, elə bilirəm ki, qardaşım Rizvan indi şəhid olub. O, daim bizim qəlbimizdə yaşayacaq. Mən fəxr edirəm ki, Rizvan kimi cəsur qardaşım olub. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz doğma Qarabağımızı və göz bəbəyimiz Şuşanı düşməndən azad etdi. Bu gün qardaşımın ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Rizvan Teymurov 1991-ci il dekabrın 9-da doğulduğu Quşçular kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Rizvan Teymurov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hazırda Bakının Nizami rayonundakı küçələrdən biri Rizvan Teymurovun adını daşıyır.

Allah rəhmət eləsin.

Nurəddin