Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və hotelçilik ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 103 nəfəri cari tədris ilinin istehsalat təcrübəsini Türkiyənin Antalya, İzmir və Bodrum şəhərlərindəki nüfuzlu hotel və turizm müəssisələrində keçirlər.

ATMU-dan bildirilib ki, tələbələr “Patika İnsan Kaynakları Danışmanlık A.Ş” şirkətinin dəstəyi ilə Türkiyədə müvafiq sahələr üzrə peşə vərdişlərinə yiyələnirlər.

ATMU-nun Karyera və kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva Antalya şəhərində təcrübə keçən tələbələrin iş və yaşayış şəraiti ilə tanış olub, onların mövcud problemlərini yerində həll edib. Eyni zamanda səfər çərçivəsində müəssisə rəhbərləri ilə işgüzar görüşlər keçirilib. Karyera və kommunikasiya şöbəsinin əməkdaşları istehsalat təcrübəsi prosesində keyfiyyət problem ilə yanaşı, yeni və səmərəli metodların işlənib hazırlanmasını da diqqət mərkəzində saxlayırlar.

ATMU məzunlarının işlə təminatına da diqqət ayırır. Cari tədris ilində universiteti bitirənlərdən 10 nəfər artıq ixtisaslarına uyğun işlə təmin olunub.