Sərgilər, görüşlər, maarifləndirici tədbirlər

 

Biləsuvar RMİ Neftçala rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, Çin İctimai Elmlər Akademiyasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə gənclərin görüşü olub. Görüş zamanı Aqşin Əliyev məktəb və tələbəlik illəri, Çindəki fəaliyyəti və təcrübələri, Çində Azərbaycan dilinin ixtisas kimi tədrisi, xaricdə təhsil imkanları, diaspor fəaliyyəti haqqında danışıb. O, gənclərə arzularının ardınca getməyi, məqsədləri uğrunda daim mübarizə aparmağı tövsiyə edib.

Salyan rayon Mədəniyyət Mərkəzinin Yenikənd Folklor evində “Şuşa İli” ilə bağlı “Anadır arzulara hər zaman Qarabağ” adlı tədbir keçirilib. Tədbirdə şanlı Zəfərimizə həsr olunan şeirlər söylənilib, mahnılar ifa edilib.

***

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxış edənlər erkən nikahın səbəbləri, onun yaratdığı fəsadlardan söz açıblar.

***

Kürdəmir RMİ Beyləqan rayon Dünyamalılar kənd Folklor evində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən danışıblar.

***

Sabirabad RMİ Saatlı Rayon Dövlət Rəsm Qalereyasında “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirilib. Tədbirdə qalereyanın rəssamlıq dərnəyi üzvlərinin narkomaniyaya həsr etdikləri rəsmlər nümayiş olunub.

***

Gəncə RMİ-nin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizami Gəncəvi Məqbərəsində və onun ətrafında iməcilik təşkil edilib. İməcilikdə kompleksin ətrafı, məqbərənin daxili səliqəyə salınıb. Ərazidə mövcud olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib. İməcilikdə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə RMİ və Kəpəz Rayon Bələdiyyəsinin kollektivləri iştirak ediblər.

Gəncə şəhər MKS “Şuşa İli” ilə əlaqədar “Şuşa Azərbaycan musiqisinin məbədidir” adlı kitab sərgisi təşkil edib.

***

Şəki RMİ-nin rəisi Azər Yusubov Qax rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti və rayon Tarix-Diyarşünaslıq Muzeyində aparılan əsaslı təmir işləri ilə tanış olub. Daha sonra regional idarənin rayonlar üzrə baş məsləhətçiləri ilə iclas keçirilib. İclasda qarşıda duran vəzifələr və problemlər müzakirə olunub.

***

Uşaqların həyatında və psixoloji inkişafında cizgi filmlərinin böyük rolu olduğu danılmaz faktdır. Övladlarımızın düzgün təlim-tərbiyəsi, sağlam inkişafı, intellektuallığı və savadlığı hər birimiz üçün çox vacibdir. Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən faktorlardan biri də məhz cizgi filmləridir.

Bütün bunlar nəzərə alınaraq, Masallı RMİ-nin Cəlilabad rayonu üzrə nümayəndəliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Seyrəngahında həftənin şənbə və bazar günləri axşam saatlarında uşaqlar üçün cizgi filmləri nümayiş olunacaq.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində “Xurşidbanu Natəvan – 190” adlı rəsm və kitab sərgisi keçirilib.

Nurəddin Məmmədli