Dekabrın 18-də «Avropa» hotelində “Turizmə dəstək” Gənclər Koalisiyasının “Turizm-2011” mükafatının təqdimetmə mərasimi keçirildi. Koalisiya bir sıra təşkilatları, Milli Məclisin deputatlarını, incəsənət və kütləvi informasiya vasitələrini “Turizm ili”nə verdiyi dəstəyə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırdı.
   “Turizmə dəstək” Gənclər Koalisiyasının baş əlaqələndiricisi Ramiz Alıyev qurumun fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, bu ilin fevralında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan koalisiyanın məqsədi turizmin inkişafına və təbliğinə yönəlmiş layihələrə dəstək vermək, əhali arasında maarifləndirmə tədbirləri və aksiyalar keçirməklə ölkənin turizm potensialının üzə çıxarılmasına kömək etməkdir.
   Sonra müxtəlif nominasiyalar üzrə “Turizm-2011” mükafatı təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyi «Turizm ili»ndə turizmin inkişafına dəstək verən nazirlik» nominasiyası üzrə mükafatlandırıldı.
   Mükafat alanlar arasında Milli Məclisin deputatları Qənirə Paşayeva, Aydın Mirzəzadə, Sevinc Hüseynova, tanınmış modelyer Fəxriyyə Xələfova, «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev və başqa şəxslər vardı. Turizmin inkişafına həsr olunan tədbirləri geniş işıqlandırdığına görə «Mədəniyyət» qəzeti də “Turizm-2011” mükafatına layiq görüldü.
   Tədbirdə Azərbaycanın iqtisadi inkişafını, turizm potensialını əks etdirən “Ölkəm mənim” adlı musiqili klip nümayiş etdirildi.
   

   Fəxriyyə Abdullayeva