Xüsusi nümayəndələrimiz dörd dəfə görüşüblər. Onların missiyası Türkiyə ilə Ermənistan arasında əlaqələri mərhələli şəkildə qurmaqdır. Azərbaycanın Zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təsis edilməsi üçün addımlar atırıq. Aviasiya reyslərinin başlaması və s. ilə mühüm addımlar atılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə “Haber Global” telekanalına müsahibəsində deyib.

Ermənistanla normallaşma üçün ticarət sahəsində də bəzi addımların atıldığını diqqətə çatdıran Türkiyə XİN rəhbəri qeyd edib ki, bizim həyata keçirdiyimiz bu prosesi Azərbaycan ilə Ermənistan arasındakı prosesdən ayrı düşünmək lazım deyil. Cənubi Qafqazda davamlı sülh, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq hərtərəfli və davamlı sülh anlaşması ilə gerçəkləşə bilər.

Qarabağ Zəfərindən iki il ötməsinə baxmayaraq, Azərbaycan ərazilərində hələ də erməni qanunsuz silahlılarının olduğunu xatırladan Mövlud Çavuşoğlu Azərbaycanın Laçına paralel yol çəkdiyini vurğulayaraq deyib: “Ermənistanla normallaşma istiqamətində səmimiyyətimizi hər kəs görür. Bunları Ermənistan da görsün, bilsin və unutmasın. Bizim Azərbaycandan ayrı məqsədimiz yoxdur”.

İşğal dövründə həyata keçirilən dağıntıları xatırladan nazir təəssüflə bildirib ki, ermənilər qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərini tərk edərkən yenə də hər şeyi yandırır və dağıdırlar. Bu, yolverilməzdir.