Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin 2022-2023-cü il üçün yeni mövsümdə ilk konserti sentyabrın 17-də təqdim olunacaq.

Konsertdə BMM-in solistləri Rəvanə Qurbanova, Elgiz Əliyev və Səbinə Ərəbli “Humayun” və “Heyratı” muğamlarını ifa edəcəklər. Xanəndələri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara), Vasif Yusibli (ud) və Rəfael Əsgərov (balaban) müşayiət edəcəklər.

BMM-in “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. Layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər təqdim edilir.

İlin sonuna kimi layihə üzrə konsertlərdə “Rast” , “Şur”, “Zabul-segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbarı”, “Osmanlı”, “Heydəri”, “Bayatı-Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı-kürd”, “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi” təqdim olunacaq.