Azərbaycan və Türkiyənin yaradıcı insanları Şuşada bir araya gələcəklər

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Azərbaycanın mədəniyyət paytaxtında  “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçiriləcək.

Layihə Azərbaycanın və Türkiyənin yaradıcı insanlarını bir araya gətirəcək.

Layihə çərçivəsində iki ölkədən müxtəlif istiqamətlər üzrə yaradıcı sahənin təmsilçiləri Şuşanın tarixi-mədəni irsi ilə tanış olacaq, Şuşa qalası, Üzeyir bəyin dağıdılmış evi, “Güllələnmiş abidələr”, Bülbülün yenidən qurulmuş ev-muzeyi, Vaqifin məqbərəsi  və digər məkanlara baş çəkəcək, Cıdır düzündə olacaqlar.

Layihənin keçirilməsində məqsəd beynəlxalq və yerli ictimaiyyəti tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və digər sahələri təmsil edən 30-a yaxın yaradıcı insanın təqdimatında mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi daha yaxından tanıtmaqdır.

Layihə iştirakçılarının Şuşa təəssüratından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil ediləcək tədbirdə geniş auditoriyaya təqdim olunacaq.