Nadir Əliyev: “Film sənayesinin inkişafı üçün müasir menecment tətbiq olunmalıdır”
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən maraqlı kəşflərindəndir. Kinonun üstünlüyü əyaniliyində, inandırma gücündə və böyük təsirə malik olmasındadır.
Müxtəlif sənətlərin sintezi olan kino özündə bir neçə sahəni birləşdirir. Bir filmin ərsəyə gəlməsində ssenarist, rejissor və aktyorlardan savayı, rəssamdan bəstəkara, işıqçıdan qrimçiyə qədər onlarla insanın zəhməti olur. Bu işdə, sözsüz ki, film direktorlarının da əməyi az deyil. 70 illik ömrünün yarım əsrdən çoxunu bu sahəyə həsr edən Əməkdar mədəniyyət işçisi Nadir Əliyev qəzetimizə müsahibəsində film direktoru işinin özəllikləri haqqında danışdı.
Nadir Əliyevin yaradıcılıq tərcümeyi-halına 40-dan artıq film daxildir. “Həyat bizi sınayır” (1972) filmində inzibatçı, “Alma almaya bənzər”də (1975), “Günlərin bir günü...” (1976) kinoalmanaxına daxil olan “Süita” novellasında və digər ekran əsərlərində film direktorunun müavini kimi çalışıb. 1978-ci ildən etibarən müxtəlif janrlı bədii filmlərdə – “Təkcə adanı özünlə apara bilməzsən” (1980), “Qorxma, mən səninləyəm!” (1981), “Atları yəhərləyin” (1985), “Bəyin oğurlanması” (1985), “Şəhərli biçinçilər” (1985), “Bircəciyim” (1986), “Yaramaz” (1988), “Şahid qız” (1990), “Şeytan göz qabağında” (1987), “Təhminə” (1993), “Həm ziyarət, həm ticarət” (1995), “Otel otağı” (1998) və s. filmlərin direktoru olub.
“Dronqo” (2002, NTV, Rusiya), “Məkanın melodiyası” (2004), “Məhkumlar” (2006), “Günaydın, mələyim” (2008), “Kabusun gözüylə” (2010), “Dolu” (2012), “Qorxma, mən səninləyəm! 1919” (2013), “Axınla aşağı” (2014) və başqa filmlərdə icraçı prodüser kimi fəaliyyət göstərən kino xadimi daim işinə böyük sevgi və məsuliyyətlə yanaşıb, həmkarlarının rəğbətini qazanıb.
Nadir Məmmədağa oğlu Əliyev 5 avqust 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərməyə başlayıb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kino iqtisadiyyat fakültəsində təhsil alıb. Uşaqlıq illərindən izlədiyi “Uzaq sahillərdə” filmi onu bu sahəyə yönəlməyə sövq edib.
Kino sahəsinə marağının əsas qaynağını belə xatırlayır: “Yay aylarında biz həmişə bağa gedirdik. Mühasib işləyən bir bağ qonşumuz var idi. Həmin vaxtlarda az adamın evində televizor olardı. Kimin evində televizor var idisə, qonşular maraqlı veriliş və filmləri onun evində izləmək üçün yığışardı. Bir gün uşaqlar həvəslə “davalı film” olacağından danışır, axşam televizorda göstəriləcəyini deyirdilər. Hamı kinoya baxmaq üçün dağılışanda mən də televizora baxmağa həmin qonşumuza getdim. Qapını nə qədər döydümsə, heç kim açmadı. Onların uzun bir eyvanı var idi. Televizoru da həmin eyvanın bir küncünə qoymuşdular. Mən ayağımın altına daş qoyub hasarın başından “Uzaq sahillərdə” filmini izləməyə başladım. Həmin gün yağış da yağırdı. Mənə bərk soyuq oldu. Film bitəndən sonra üst-başım nəmli evə getdim. Anam məndən nə olduğunu soruşanda əvvəlcə ona heç nə demədim. Bir qədər keçdikdən sonra olanları danışdım. Ertəsi gün uşaqlarla həyətdə futbol oynayırdıq. Bir də gördüm atam dostunun “Pobeda” markalı maşını ilə gəldi və maşının yük yerindən böyük bir yeşik çıxartdı. Atam evə televizor almışdı. Bu hadisə mənim və qardaşlarım üçün böyük bir bayrama çevrildi, sevincimizin həddi-hüdudu yox idi...”.
Nadir Əliyevin kinonun bu günü ilə bağlı narazılıqlara öz münasibəti var: “Bu gün hamı deyir niyə bu sahə zəifləyib, filmlər az çəkilir. Bu barədə birmənalı danışmaq olmaz. Kino birbaşa iqtisadiyyat və maliyyə ilə əlaqəlidir. Son 20 ildə həyatımızda nə qədər böyük yeniliklər, necə deyərlər, inqilabi hadisələr baş verdi. Sosial şəbəkələr yarandı, internet gücləndi və çoxsaylı audiovizual əsərlər ortaya çıxdı və bütün bu mübadilədə kinonun yaşaması çox çətinləşdi. İqtisadi problemlər kinoya təsir edir. Təkcə Azərbaycanda deyil, keçmiş sovet ölkələri də bu problemlərlə üzləşdi. İnsan gərək gələcəyə ümidlə baxsın. Hesab edirəm ki, kinomuzun gələcəyi var. Yeni istedadlar yetişir və kinomuzun inkişaf edəcəyinə şübhə etmirəm”.
– Nadir müəllim, 50 ildən artıqdır ki, kino sahəsində çalışırsınız. Film direktoru sahəsinə marağınız necə yarandı? Ümumiyyətlə, instituta qəbul olunanda sahənin mahiyyətindən xəbəriniz vardımı?
– İnsan bəzən getdiyi yolda səmti dəyişməli olur. Mən də uşaqlıqdan kino ilə çox maraqlanırdım. Bir gün yay vaxtı Buzovnada bağımızın yanında “Lenfilm” Kinostudiyasının çəkiliş qrupu “Mənim xeyirxah atam” filminin çəkilişlərini aparırdı. Filmin rejissoru ilə tanış oldum, ona kinonu çox sevdiyimi söylədim və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissor fakültəsində oxumaq arzusunda olmağımı söylədim. Mənə dedi ki, çox cavansan, gərək kinoda təcrübən ola. Məktəbi bitirəndən sonra sənədlərimi Dövlət Kinematoqrafiya Komitəsinə verdim. Orda bəlli oldu ki, əlavə yaradıcı işlər təqdim etməliyəm, iş təcrübəm olmalıdır və mənə Kino iqtisadiyyatı fakültəsində oxumağı təklif etdilər. Dedilər ki, bizim bu sahəyə ehtiyacımız var. Razılaşdım. İmtahanları yaxşı verdim. Azərbaycandan olan, balı məndən aşağı, özü isə partiya üzvü və əsgərlikdən qayıdan oğlanla müsabiqəyə düşdüm. Mənə görə əlavə yer açdılar və 1970-ci ildə mən qiyabi, həmin oğlan isə əyani şöbəyə qəbul olundu. Maraqlısı da budur ki, həmin oğlan oxuyub qayıdandan sonra cəmi bir neçə ay kinostudiyada çalışdı və kino sahəsini tərk etdi. Mən qəbul olduğum ildən də kinostudiyada işləməyə başlamışdım. Necə deyərlər, kino yalnız ona böyük sevgi ilə sarılanlara uğur qazandırır. İlk ekran işim rejissor Tofiq İsmayılovun lentə aldığı “Oxuyur Müslüm Maqomayev” filmi oldu. Məni filmə inzibatçı kimi təsdiq etdilər. Həmin filmdə epizodik rolda da çəkildim. İkinci işlədiyim film isə Şamil Mahmudbəyovun “Həyat bizi sınayır” filmi oldu.
– O vaxtdan birdəfəlik bu sahəyə bağlandınız...
– 1971-də hərbi xidmətə getdim. Qayıtdıqdan sonra Hüseyn Seyidzadənin “Qatır Məmməd” filmində inzibatçı oldum. Amma mənə bəlli olmayan səbəblərə görə, filmi daha sonradan Rasim Ocaqov çəkdi. 1974-cü ildə Maqsud və Rüstəm İbrahimbəyov qardaşları və Yuli Qusmanla “Günlərin bir günündə” kinoalmanaxında işlədim. Beləliklə, filmdən-filmə təcrübə yığdım. Film direktoru kimi tammetrajlı kinolentdə ilk müstəqil işim isə rejissor Gülbəniz Əzimzadənin “Təkcə adanı özünlə apara bilməzsən” filmi oldu.
– Film direktorunun işi haradan başlayır?
– Şübhəsiz ki, kino istehsalının bütün mərhələlərindən anlayışın olmalıdır. O cümlədən maliyyədən, ölkənin qanunlarından, dünya kinosunun yeniliklərindən xəbərdar olmalısan. Yəni film direktoru olmaq o deməkdir ki, hərtərəfli savadlı olmalısan, çünki sən böyük kollektivə rəhbərlik edirsən.
– Filmin bütün maliyyəsi də sizə həvalə edilir?
– Keçmiş sovet dövründə film direktorunun səlahiyyəti daha çox idi. Filmin baş smetasına əsasən, vəsaitin düzgün xərclənməsinə birbaşa filmin direktoru cavabdehdir. Hər bir filmin ssenarisinə əsasən öz smetası olmalıdır. Yəni kino bir elmdir. Burada texniki vəsait, yaradıcı iş, maliyyə var. Həmçinin hərtərəfli bilgi də vacibdir. Azərbaycanda kino sahəsində yerli, milli kadrların formalaşması XX əsrin 40-cı illərinin sonunda təşəkkül tapıb. Moskvada Kinematoqrafiya İnstitutunda peşəkar rejissorlar, təsvir rejissorları, kino rəssamları o biri texniki peşələr üzrə mütəxəssislər hazırlandı. Amma o dövrdə kino sənayesi, ümumiyyətlə bu proses əsasən Moskvadan idarə olunurdu. Azərbaycan kinosunun renessans dövrü 60-70-ci illərdə oldu. Bir-birindən gözəl filmlər yarandı. Lakin 90-cı illərin əvvəlində böyük bir sistem dağıldı, iqtisadi əlaqələr qırıldı. Qarabağın işğalı da kinonun inkişafına öz böyük təsirini göstərdi. Bu gün tamaşaçını kinozala qaytarmaq üçün maraqlı mövzu olmalıdır.
– Rejissorların film direktoruna münasibəti necə olur?
– Əslində, rejissor və filmin direktoru münasibətdə səmimi olmalı, bir-birinin işinə müdaxilə etməməlidir, bir yerdə çalışıb, dəstək olub yaxşı film yaratmalıdırlar. Bu gün film direktoru artıq icraçı prodüser kimi təqdim olunur.
– Sizcə, bu gün kino sahəsindəki müəyyən durğunluq kino siyasəti ilə bağlıdır?
– Dediyim kimi, iqtisadi və siyasi problemlər kinomuzun müstəqil inkişafına mane oldu. Bu təkcə bizdə belə olmadı. Bütün keçmiş SSRİ məkanında bu vəziyyət müşahidə olundu. Bəziləri tez qalxa bildi, bəzilərində ləngimələr oldu.
Əvvəldə də dedim, bu sahənin inkişafında dünyagörüşü də mühüm faktdır. Harada nə baş verir, hansı ölkənin kinosu hansı vəziyyətdədir bunları bilmək vacibdir. İndi hamı deyir ki, kino gəlir gətirməlidir. Bəli, gətirməlidir. Birincisi, kino elə bir sahədir ki, vəsaitsiz, kino istehsalını qurmaq mümkün deyil. Filmi çəkməkdən başqa onun yayımını təşkil etmək lazımdır. Kinozallar, reklam işləri, peşəkar yaradıcı və texniki heyət hazırlanmalıdır və ümumi mərkəzi idarəçilik olmalıdır. Bir sözlə, film sənayesinin inkişafı üçün müasir menecment işi tətbiq olunmalıdır. Yəni pul qazanmaq üçün bu şərtlər vacibdir. Bunun üçün, şübhəsiz, vaxt da lazımdır. Həm də etiraf edək ki, biz kino ölkəsi deyilik.
– Bəs kino bazarı niyə yoxdur?
– Fransada təqribən 60 milyon əhali var. Ötən il onlar 400 film çəkiblər. Deməli, 150 min əhaliyə 1 film düşür. Bizdə isə 10 milyon əhali var. Ötən il, deyəsən, 3 film çəkilib. Bunu da nəzərə alsaq ki, kinoteatrların sayı azdır, xüsusi kinozallar yoxdur və ən əsası, bu gün internet şəbəkəsi kinonu əlimizdən alıb. İnsanlar kinonu internet üzərindən daha çox izləyirlər. Bizdə mentalitet məsələləri mütləq nəzərə alınır. Ölkəmizdə Avropanın çəkdiyi film çəkilə bilməz. Bu gün kino daha çox kommersiya deməkdir, sənət qıraqda qalıb. Bir müddət əvvəl bizdə komediyalar çəkildi və sonra insanlar yoruldu artıq. Eyni aktyorlar bu filmdən o filmə keçdi, ancaq tamaşaçı yenilik görmədi. Cəmiyyətin zövqünü formalaşdırmaq lazımdır. Kino birinci növbədə ədəbiyyatdır. Ədəbiyyatın inkişafı, gözəl əsərlərin yaranması kinoya böyük təkan olar. Əfsuslar olsun ki, dünyada kino siyasət və kommersiya alətinə çevrilib. İnanıram ki, Azərbaycan kinosunun gələcək inkişafı özəl kinoda olacaq.
– Filmlərimizlə bağlı maraqlı xatirələriniz də var yəqin...
– Əlbəttə var. “Alma almaya bənzər” filmindəki almaların əksəriyyəti rekvizitdir, alma deyil. Rəhmətlik Mais Ağabəyovla Moskvada fabrikdə butafor sifariş vermişdik. Bir qismini Ukraynanın “Dovjenko” studiyasından gətirmişdik. “Yuxu” filmi çəkilib neçə illər “Mosfilm”də qalmışdı. O vaxt mən “Azərkinovideo” rəhbərliyinin göstərişi ilə gedib filmi çap edib Bakıya gətirdim. Rəşid Behbudovla “1001 qastrol” filminin çəkilişi ilə bağlı çoxlu unudulmaz xatirələrim var. Xoşbəxt insanam ki, məşhur sənətkarlarla çalışmışam.
– Ən bahalı filminiz hansı olub?
– Sovet dövründə ən bahalı filmim “Qorxma, mən səninləyəm!” (1981) olub. İkiseriyalı filmin büdcəsi 550 min rubl idi. O dövr üçün böyük məbləğ idi. Müstəqillik dövründə direktoru olduğum filmlərə gəldikdə isə, “Dolu” filmini (2012) qeyd edə bilərəm: 1 milyon 300 min manat. Elə olub ki, bir vaxtda iki filmə məni direktor təyin ediblər. Bu da rejissorların istəyi ilə olub.
– Pulu çatmayan filminiz olubmu?
– Olub. Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filminə ayrılan vəsait az idi, dedim ki, pul çatmır. Filmin istehsalına başlamazdan əvvəl peşəkar direktor düz hesablama aparmalıdır. Ssenarini oxuyursan və bilirsən ki, nə qədər pul lazım olacaq.
– 70 yaşınız tamam oldu. Kinoya bağlı bir ömür yaşamışınız...
– Rejissor olmaq arzusu ilə kinoya gəlib film direktoru oldum. 50 ildən artıqdır ki, bu işdə çalışıram. Hazırda həm də Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm.
– Yubileyiniz münasibətilə sizi təbrik edir, cansağlığı, uğurlar arzulayırıq.
– Sağ olun, mən də göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.
Lalə Azəri