“Zəfər əldə etmədən dönmə, Mustafam”
Oğlu Mustafa Kamal Paşanın (Mustafa Kamal Atatürk) qələbə ilə qayıtmasını arzulayan Zübeydə xanımın son sözləri (“Zəfər əldə etmədən dönmə, Mustafam”) türk xalqının Qurtuluş savaşında böyük Zəfərin 100-cü ildönümündə səhnəyə gətirilib.
Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Nazirliyin İncəsənət üzrə Baş İdarəsi 100 nəfərdən ibarət kollektivin 30 Avqust – Zəfər bayramı münasibətilə hazırladığı səhnə əsərini 4 vilayətdə tamaşaçılara təqdim edəcək.
Afyonkarahisar, Kütahya, Uşak və İzmirdə səhnəyə qoyulacaq “Zəfər yolu – 100-cü il. Son söz” tamaşasında düşmənə ilk gülləni ataraq qurtuluş fitilini alovlandıran Həsən Tahsindən başlayaraq ay-ulduzlu bayrağı səmaya qaldıran qəhrəmanların 9 sentyabrda İzmirdə düşməni dənizə tökməsi ilə yekunlaşan möhtəşəm qələbələrinin hekayəsi anladılacaq.
İzmir Dövlət Türk Dünyası Rəqs və Musiqi Ansamblının təqdim edəcəyi tamaşadan sonra sənətçilər Fatih Ərkoç və Əhməd Baran İzmir Dövlət Simfonik Orkestrinin müşayiətilə düzənlənən 30 Avqust özəl konsertində eyni səhnəni paylaşacaqlar.
Baş Komandanlıq meydan döyüşünün (“Böyük hücum”) 100-cü ildönümündə Türk Tarix Qurumunun əhatəli arxiv araşdırması ilə hazırladığı, həm arxa cəbhədə, həm də ön cəbhədə gedən mübarizəyə işıq salan “Millətin əzmi” sənədli filmi də tamaşaçılara təqdim ediləcək.
Türk ordusunun həlledici döyüşə hazırlıqları, komandanlıq heyətinin strateji addımları və xalqın mübarizəyə verdiyi töhfəni fotoşəkillər və videogörüntülərlə diqqətə çatdıran sənədli filmdə hücum boyunca cəbhədə yaşananlar üçölçülü xəritələr vasitəsilə izah edilir.
Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə qazanılan tarixi qalibiyyətdən bəhs edən tamaşa isə ilk olaraq 25 avqustda Afyonkarahisarın Şuhut rayonunda nümayiş olunub. “Zəfər yolu – 100-cü il. Son söz” 27 avqustda Küthayada, 28 avqustda Uşakda və 30 avqustda İzmirdə göstəriləcək.
Mehparə Sultanova
Ankara