Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

951 il əvvəl...

26 avqust 1071-ci ildə Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans imperatoru Romen Diogenin qoşunları arasında Malazgird döyüşü (Türkiyənin indiki Muş vilayətinin ərazisi) baş verib. Alp Arslanın 50 minlik süvari ordusu bizanslıların 200 minlik qoşunu üzərində qələbə çalıb. Bu qələbədən sonra türklərin Səlcuqlar dövləti Qafqaz-Yaxın Şərq regionunun hegemon gücə çevrilib.

 

612 il əvvəl...

30 avqust 1410-cu ildə Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359-1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə geosiyasi arenaya yeni Azərbaycan-türk dövləti – Qaraqoyunlu imperatorluğu (1410-1468) çıxıb.

 

496 il əvvəl...

29 avqust 1526-cı ildə Sultan II Süleymanın başçılıq etdiyi Osmanlı qoşunları Kral II Lüdoviqin rəhbərlik etdiyi macar ordusunu döyüşdə məğlub edib. Bu döyüşdən sonra Macarıstan krallığının üçdə ikisi Osmanlının, qalanı isə Avstriyanın nəzarətinə keçdi.

 

301 il əvvəl...

30 avqust 1721-ci ildə Rusiya ilə İsveç arasında 20 ilə yaxın (fasilələrlə) sürmüş Şimal müharibəsinin yekunları barədə Niştadt sülhü imzalanıb. I Pyotrun apardığı müharibə nəticəsində Rusiya Baltik dənizinə (oradan da dünya okeanına) çıxış əldə edib, indiki Estoniya və Litva ərazilərini, həmçinin Finlandiyanın bir hissəsini özünə birləşdirib.

 

104 il əvvəl...

28 avqust 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası  xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədrisi barədə qərar qəbul edib.

 

100 il əvvəl...

30 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında türk ordusu işğalçı yunan qoşunları ilə Dumlupınar döyüşündə (Kütahya vilayəti) tarixi qələbə qazanıb. Bu qalibiyyət türk xalqının Qurtuluş savaşında həlledici rol oynayıb. 26 avqustda Afyonkarahisarda başlayan “Büyük Taarruz” (“Böyük Hücum”) 9 sentyabrda İzmirin azad edilməsi ilə başa çatıb. 30 avqust Türkiyədə Zəfər bayramı (Silahlı Qüvvələr Günü) kimi qeyd olunur.

 

92 il əvvəl...

30 avqust 1930-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni ərazi-inzibati vahidlərinə – rayonlara bölünüb. Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Bundan öncə (1920-1930-cu illərdə) respublikada ərazi-inzibati bölgüsü olaraq 10 dairə və onların tərkibində qəzalar mövcud idi.

 

31 il əvvəl...

27 avqust 1991-ci ildə Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Vladimir Leninin heykəli sökülüb və meydana Azadlıq adı verilib.

30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament həmçinin Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanması ilə bağlı qərar qəbul edib.

 

30 il əvvəl...

28 avqust 1992-ci ildə Ballıqaya qətliamı baş verib. Laçın rayonunun işğalından sonra Goranboy rayonunun Ballıqaya kəndi yaxınlığında  çadırda məskunlaşan altı ailənin üzvləri – 24 nəfər gecə yatdıqları yerdə əraziyə basqın edən erməni silahlı dəstəsi tərəfindən amansızcasına qətlə yetirilib. Daha sonra çadırlara od vurulub, meyitlərin əksəriyyəti yandırılıb.

30 avqust 1992-ci ildə Azərbaycan Respublikası ilə Qazaxıstan arasında diplomatik əlaqələr qurulub.

 

15 il əvvəl...

28 avqust 2007-ci ildə Bakıda M.Muxtarov küçəsi 185 ünvanında inşa edilən 16 mərtəbəli binanın çökməsi nəticəsində 27 nəfər həlak olub. Qəza tikintinin mühəndislik və texniki təhlükəsizlik normalarına uyğun aparılmaması nəticəsində baş verib.

Hazırladı: V.Orxan