Beynəlxalq Türk Akademiyası və Monqolustan arxeoloqlarının birgə ekspedisiyasında aşkar olunub
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Akademiyasının (BTA) Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə birgə apardığı arxeoloji tədqiqatlar nəticəsində bu ölkənin Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edilib.
Kompleksin ümumi sahəsi 49x41,5 metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılıb, torpaq qalaqlanaraq qala inşa edilib.
Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağkeçisi” rəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur.
Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan abidənin iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası həkk olunub.
Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinib.
Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.
Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilib. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.
Qeyd edək ki, BTA Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq və türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək. Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək.
Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. COVID-19 pandemiyası səbəbindən iki il fasilə verilən “Nomqon” ortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa olunub.
“Nomqon-2022” ortaq qazıntılarında BTA-nın işçi qrupu (akademiyanın prezidenti Darxan Kıdıralı, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev) ilə yanaşı, Monqolustan Elmlər Akademiyasından professor Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold və Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar da iştirak ediblər. Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (2022-ci ildə vəfat edib) də məsləhətçi arxeoloq olaraq layihədə yer alıb.
Bundan əvvəl də Beynəlxalq Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adıçəkilən vadiyə xüsusi ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilib. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar olunub.