Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağda törədilən talandan danışıb
Çexiyanın paytaxtı Praqada avqustun 20-də başlayan Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı davam edir. Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin nümayəndə heyəti də iştirak edir.
Tədbir çərçivəsində ICOM-un Fəlakət risklərinin idarəolunması üzrə Beynəlxalq Komitəsinin konfransı da keçirilib. ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransda “Qarabağın timsalında hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda çıxış edib.
Xalça Muzeyindən bildirilib ki, direktor çıxışında dünyadakı hərbi əməliyyatlar zamanı nadir abidələrin, dəyərli maddi mədəniyyət nümunələrinin dağıdıldığını, sənət əsərlərinin oğurlandığını, talan edildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında da mədəni irs, muzeylər eyni aqibəti yaşayıb. Bu müddət ərzində həmin ərazilərdəki mədəni irs qəsdən və ardıcıl şəkildə məhv edilib. Şirin Məlikova mədəni irsin qorunması məsələsində etnik, dini və ya milli ayrı-seçkiliyə yol verilməsinin qəbuledilməz hal olduğunu bildirib, beynəlxalq təşkilatların bütün bəşəriyyətin maddi irsinin qorunmasında eyni həssaslığı göstərməsinin vacibliyini qeyd edib.