Xəbər verdiyimiz kimi, 21-24 avqust tarixində Rusiyanın Sankt-Peterburq şəhərində “Lendok” Kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib. Tədbirlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Nazim Hüseynov da iştirak edib.
“Azərbaycanfilm”dən verilən məlumata görə, yubiley çərçivəsində Beynəlxalq “Lendok” Film Festivalı keçirilib. Festivalda MDB ölkələrinin studiya rəhbərləri və prodüser mərkəzlərinin, onlayn platformaların nümayəndələri, rejissor, prodüser, kinotəndiqçi və jurnalistlər iştirak ediblər.
MDB ölkələri kinostudiyalarının “qızıl kolleksiya”sından filmlər də festival çərçivəsində tamaşaçılara təqdim olunub. Bu sırada “Azərbaycanfilm”in istehsalı olan “İstintaq” (1979, rejissor Rasim Ocaqov) filmi nümayiş etdirilib.
Qeyd edək ki, festival çərçivəsində “Lendok” kinostudiyasında ilk dəfə MDB ölkələrinin kino layihələrinin pitçinqi, həmçinin beynəlxalq konfrans keçirilib.