«Mədəniyyət» qəzeti «Turizm ili»nin növbəti mükafatını aldı
   
   Dekabrın 21-də «Qafqaz Point» hotelində “Skal İnternational Baku” Turizm Professionallar Assosiasiyasının 10-cu toplantısı keçirildi.
   
   Qurumun yubiley toplantısında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov, sektor müdiri Rəhman Oruclu, mətbuat katibi Zöhrə Əliyeva, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, turizm fəaliyyəti ilə məşğul olan təşkilatların, turizm şirkətlərinin, hotellərin rəhbərləri, tərcüməçi-bələdçilər və KİV nümayəndələri iştirak edirdilər.
   Toplantını «Skal Bakı»nın prezidenti Ruslan Quliyev açaraq hesabat dövründə təşkilatın fəaliyyətinin genişləndiyini vurğuladı. Onun sözlərinə görə, 2009-cu ilin sentyabrında yaradılan «Skal Bakı» artıq Azərbaycanın turizm sənayesində tanınan və mütəxəssislər tərəfindən qəbul edilən quruma çevrilib: «Dostlar arasında biznesin bərqərar olması» şüarı ilə tanınan «Skal İnternational» 1932-ci ildə yaradılıb və hazırda 22 min nəfərə yaxın üzvü var. «Skal Bakı» MDB məkanında və Qafqazda ilk və tək təşkilatdır. Hətta «Skal İnternational»ın mərkəzi ofisi MDB ölkələrinin koordinasiyasını da bizə həvalə edib. Bu bizi çox sevindirir».
   Bu illər ərzində «Skal Bakı»nın bir çox nailiyyətlərə imza atdığını deyən təşkilat rəhbəri bildirdi ki, bu özünü həm xarici ölkələrdəki həmkarlarla əməkdaşlıqda, həm də ölkə daxilində görülən işlərdə göstərib. Bakı və Antalya skal klublarının əkiz klublar elan edildiyini deyən R.Quliyev gələcəkdə İstanbul, Roma, Los-Anceles skalçıları ilə də əməkdaşlıq qurmaq niyyətində olduqlarını dedi: “Ötən il “Skalite 2010» tədbirində ən yaxşı statusda iştirak etmişik. «Skal İnternational»ın Budapeştdə keçirilən dünya konqresində təmsil olunduq. Qurumun hər belə toplantısında turizm sahəsində minlərlə insan Azərbaycanın turizm potensialı və mədəniyyəti haqqında məlumat alır».
   R.Quliyevin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi bir çox turizm sərgilərinə «Skal Bakı» da qatılıb: “Noyabrın 8-də Londonda keçirilən sərgi çərçivəsində son 10 ildə Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlar, eyni zamanda 2011-ci ilin ölkəmizdə dövlət başçısı tərəfindən «Turizm ili» elan edilməsi, bununla bağlı görülən işlər barədə iştirakçılara ətraflı məlumat verdik. Sonuncu iştirak etdiyimiz toplantı isə dekabrın 13-də İstanbulda oldu. Burada son bir il ərzindəki səmərəli fəaliyyətinə görə təltif edilənlər arasında «Skal Bakı» da vardı».
   Klub rəhbəri qeyd etdi ki, bütün bunlarla yanaşı, «Skal Bakı» ölkə daxilində də geniş fəaliyyətlə məşğuldur: «Mədəniyyət və Turizm Nazirliyi, Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi, QHT Forumu, «Turizmə dəstək» Gənclər Koalisiyası ilə turizmin təbliği və regionlarımızda bu sahədə maarifləndirməni gücləndirmək istiqamətində layihələr həyata keçirmişik. Nazirliyin dəstəyi ilə Azərbaycanın regionlarının turizm potensialının tanıdılması məqsədilə turizm şirkətləri və KİV nümayəndələrinin iştirakı ilə bu il 4 rayona infotur təşkil etmişik. Eyni zamanda ATİ-də bələdçi-tərcüməçilərin, turoperator-turagentlərin hazırlanması istiqamətində kursların təşkilində yaxından iştirak edirik. «Skal Bakı» Azərbaycanda turizm sahəsinin inkişafına dəstək vermək məqsədilə yaradılmış bir qurumdur. Gələcəkdə fəaliyyətimizi daha da gücləndirəcəyik».
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov, «Gilan Turizm» şirkətlər qrupunun baş koordinatoru Xəlil Duru, BMT İnkişaf Proqramının turizmin inkişafı layihəsinin rəhbəri Faiq Qürbətov və başqaları «Turizm ili»nin Azərbaycanda bu sahənin inkişafına verdiyi töhfələrdən danışdılar.
   Sonra yeni “Skal” üzvlərinə kart və sertifikatlar təqdim olundu və bir sıra media mənsubları «Skal Bakı»nın fəaliyyətini mütəmadi işıqlandırdığına görə qurum tərəfindən fəxri fərmanla təltif olundu. «Mədəniyyət» qəzeti və «İnfotur.az» saytı xüsusi mükafata layiq görüldü.
   
   Fəxriyyə Abdullayeva