2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən, 26 avqust – 5 sentyabr tarixlərində “Youth ArtCamp Shusha and Baku” (“Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi”) adlı beynəlxalq layihə həyata keçiriləcək.

Layihə 2008-ci ildə Andorranın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə irəli sürülən və mədəni fərqləri aradan qaldırmaq, təcrübə və dəyərləri bölüşmək, beynəlxalq harmoniya, birgəyaşayış, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etmək məqsədilə təsis edilən “Youth ArtCamp” beynəlxalq proqramı çərçivəsində reallaşacaq.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Azərbaycanın İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə ərsəyə gəlmiş layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilib. UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Serin himayəsi altında olan bu beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

Xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb olunub.

Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihə xüsusi əhəmiyyət kəsb edir. Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Dəvət edilən rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcək.

Layihə çərçivəsində Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Andorranın UNESCO üzrə Milli Komissiyası tərəfindən sözügedən layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin keçirilməsi nəzərdə tutulur.