21-25 sentyabr tarixlərində keçiriləcək 6-cı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı  müxtəlif ölkələrdən 15 ekspertdən ibarət  beynəlxalq münsiflər heyətini elan edib. Münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Əsas müsabiqədən kənar”.

Bu il münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının  nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı Reza Deqati və “Emmy” mükafatı laureatı, “Oskar” mükafatının nominantı prodüser Kirstin Barfod var.

Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və ssenaristi, bir sıra festivalların laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

Qeyd edək ki, DokuBaku Azərbaycanda ilk beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildə təsis edilən festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdir.

https://www.youtube.com/watch?v=x0DTcIfgTMo

https://www.youtube.com/watch?v=XABzXt9dx1o