Azərbaycanla Mərakeş arasında diplomatik münasibətlərin 30 illiyi və “Yaşıl yürüş”ün 47-ci ildönümünü qeyd etmək məqsədilə Mərakeş Krallığının Bakıdakı səfirliyi tərəfindən “Nərgiz Art Studio” və “Holcim Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində 6-18 yaş arası gənc rəssamlar üçün rəsm müsabiqəsi keçirilir.

“Mərakeş gənc azərbaycanlı rəssamların gözü ilə” devizi altında təşkil olunan müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqələr yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda gənc nəsil arasında yaradıcılığa marağı artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.

İştirakçılar yarışma əsnasında üç yaş kateqoriyasına bölünərək memarlıq, coğrafi mənzərə, məşhur insanlar, Mərakeş nağılları və ya ölkənin adət-ənənələri kimi bu ölkənin elementlərini ehtiva edən sənət əsərlərinin fotoşəkillərini təqdim etməlidirlər.

Qaliblər iki mərakeşli rəssam Mahi Binebine və Abderrahim Yamou, eləcə də iki azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın və Nərgiz Quliyevanın iştirak etdiyi münsiflər heyəti tərəfindən seçiləcək.

Qeyd edək ki, rəsm müsabiqəsində iştirak etmək istəyənlər əsərlərini oktyabrın 15-dək resm.marakesh@gmail.com ünvanına göndərməlidirlər. Müsabiqənin  təfərrüatı, o cümlədən qaydalar, mükafatlar, münsiflər heyəti barədə əlavə məlumat almaq üçün https://www.marakeshresm.art/ linkinə daxil olmaq lazımdır.