Fevralın 24-də Azərbaycan Yazıçılar Birliyi və Polşanın Azərbaycandakı səfirliyi “Natəvan” klubunda “Qəfil görüş: çağdaş polyak poeziyası antologiyası” kitabının təqdimatını keçirdi. Mərasimdə tanınmış ədəbiyyat adamları, mətbuat nümayəndələri, polyak poeziyasının pərəstişkarları, polyak icmasının nümayəndələri iştirak edirdilər. Mərasimi giriş sözü ilə açan Xalq yazıçısı Çingiz Abdullayev kitabın nəşrinin Azərbaycan ədəbi həyatı üçün əhəmiyyətli hadisə olduğunu vurğuladı.
   Polşanın Azərbaycandakı səfiri Mixal Labenda çıxış edərək kitabın xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasında vacib addım olduğunu qeyd etdi. O, kitabın Polşa poeziyası mütəxəssisləri və pərəstişkarları üçün, dəyərli töhfə, gözlənilən “qəfil görüş” adlandırdı. Daha sonra kitabın tərcüməçilərindən biri, şair, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu çıxış edərək kitab haqqında ətraflı bilgi verdi. O, “Qəfil görüş - çağdaş polyak poeziyası antologiyası” kitabının Polşanın Azərbaycandakı səfirliyinin layihəsi, Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə işıq üzü gördüyünü bildirdi. Kitabda XX əsr Polşa poeziyasının korifeyləri, Nobel mükafatı laureatları - Çeslav Miloş və Vislava Herbert, Tadeuş Rujeviçin şeirləri yer alıb.
   Layihənin əlaqələndiricisi səfirliyin mədəniyyət attaşesi Yoanna Senkeviç, tərtibçi və ön sözün müəllifi isə Aqneşka Ronçkadır. A.Ronçka tədbirdə çıxış edərək polyak poeziyası haqqında ətraflı danışdı.   

   Yeganə