Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda Fikrət Əmirovdan yadigar qalan nümunələr

 

Onun musiqi mədəniyyətimizdə yeri və rolu müstəsnadır. Xalqına, onun musiqisinə sehrli tellərlə bağlı olan və bütün yaradıcılığında xalq musiqisini “tükənməz ilham mənbəyi, sənətkara qüvvət verən dirilik çeşməsi” adlandıran böyük Fikrət Əmirovu bir daha xatırlayacağıq.

Məlum olduğu kimi, bəstəkarın yubileyi ilə bağlı ölkə başçısı müvafiq sərəncam imzalayıb. Fikrət Əmirovun 100 illiyi UNESCO-nun cari yubileylər proqramına da daxil edilib. Dövlətimiz və xalqımız Fikrət Əmirov yaradıcılığına, onun xalqın ruhundan mayalanan musiqi irsinə daim rəğbət və ehtiram bəsləyir. Bəstəkarın zəngin yaradıcılığı – “Sevil” operası, “Şur”, “Kürd-ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Min bir gecə”, “Nizami”, “Nəsimi dastanı” baletləri, instrumental konsertləri, vokal əsərləri təkcə Azərbaycanın deyil, dünya musiqi xəzinəsinin dəyərli nümunələridir.

Əbədi ömürlüyünün 100-cü ilində yenə ölməz əsərləri ilə bizlərə ilham verən Fikrət Əmirovun irsi onun xatirə əşyalarında da yaşayır. Məqalələrinin birində “Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir” deyən bəstəkardan yadigar qalan  not əlyazmaları, redaktəsindən keçən müxtəlif musiqi əsərlərinin not surətləri və hələ sağlığında muzey fonduna təqdim etdiyi şəxsi kitabxanasından nümunələrlə tanış olmaq qərarına gəldik.

Bu məqsədlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə yollandıq. Muzeyin baş mühafizi Sevinc Əliyeva və aparıcı elmi işçisi Raminə Məmmədovanın bələdçiliyi ilə bəstəkarın muzey fondunda saxlanılan arxiv-memuar fondu ilə tanış olduq.

Muzeyin fondunda bəstəkara aid 30-a yaxın not əlyazması qorunur. Nümunələr arasında onun səs və fortepiano üçün yazdığı “Ürəklər”, “Skertso”, “Aşıq musiqisi”,  eləcə də “Böyük dayaq” kinofilminə yazdığı bəzi musiqilərin not əlyazmaları var.

Skripka və fortepiano üçün yazdığı “Rəqs”, “Laylay”, “Vals”,  “Görüş”, eləcə də xalq mahnısı “Reyhan”ın səs və fortepiano üçün müəllif əlyazmaları da bu qovluqdadır. Öz təravətini heç vaxt itirməyən “Mən səni araram” mahnısının 1968-ci ilə aid müəllif əlyazması da diqqət cəlb edir.

Müəllif not əlyazmaları içərisində böyük bəstəkarın görkəmli dramaturq Cəfər Cabbarlıya  həsr etdiyi əsərinin – səs və kamera orkestri üçün yazdığı “Cəfər Cabbarlının portreti”nin partiturası da var. 1965-ci ilə aid qeydlərlə zəngin bir müəllif not əlyazması isə Bakı və bakılılara həsr etdiyi “Həyat səhifələri” əsərinin partiturasıdır.

Dahi Üzeyir Hacıbəyliyə hər zaman böyük sevgi və ehtiram bəsləyən bəstəkar onun müxtəlif əsərlərindən hissələrə orkestrləşmələr də edib. Bu qiymətli qeydlər içərisində Üzeyir bəyin “O olmasın, bu olsun” musiqili komediyasından Əsgərin ariyasının Fikrət Əmirov tərəfindən simfonik orkestr üçün yeni orkestrləşməsi (partitura), həmçinin “Arşın mal alan” musiqili komediyasının simfonik orkestr üçün yeni orkestrləşməsinin not əlyazmaları var.

Müəllif not əlyazmalarının əsas hissəsini isə ona xüsusi şöhrət gətirən “Sevil” operasının partituraları təşkil edir. Bəstəkarın N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərinin tamaşasına yazdığı musiqinin simfonik orkestr üçün partiturası da muzeyin fondunda saxlanılır.

Bildiyimiz kimi, Fikrət Əmirov musiqi mədəniyyəti tariximizdə həm də ilk simfonik muğamların yaradıcısı kimi qalıb. Bununla bağlı bəstəkarın xatirələrində bir qeyd də var: “1939-1940-cı tədris ili idi. O zaman mən rəhmətlik Bülbülün kabinəsində işləyirdim. Bir gün işin axırında konservatoriyaya gələrkən gördüm ki, Bülbül bir qoca kişinin qolundan tutub, pilləkəndən düşürür. Mən salam verdim. Bülbül dedi: – Cabbar əmi, bilirsən bu kimdir? Məşədi Cəmilin yadigarıdır.

Cabbar əminin gözləri yaşardı.

Bülbül dedi: – Cabbar əmi, bəlkə bir şey oxuyasan, Fikrət yaza... Bülbülün sözünü yerə salmayan 80 yaşlı qoca təzədən yuxarı qalxdı. Qavalı yanında olmadığından, royalın taxtasına əli ilə ritm vuraraq “Kürd-ovşarı”nın başlanğıcı olan bir təsnif oxudu. Bu hadisədən 7-8 il keçəndən sonra mən “Kürd-ovşarı”nı yazanda həmin təsnifdən istifadə etdim. Onu demək istərdim ki, məni bu işə Cabbar Qaryağdıoğlu təhrik etdi.

Mən xoşbəxtəm ki, gözümü açıb Cabbar Qaryağdıoğlu, Bülbül, Qurban Pirimov və Seyid Şuşinski kimi böyük sənətkarlarla şəxsən dostluq etmişəm. Bu dostluq mənə atamdan nəsib olmuşdur...”.

Bu və digər qiymətli xatirələrin toplandığı, Heydər Əliyev Fondu tərəfindən çap olunan kitabın da nüsxələri muzey fondunda qorunan nümunələr arasındadır.

“Mən bu fikirdəyəm ki, bəstəkarın vəzifəsi təkcə musiqi bəstələməklə bitmir. Fikri həmişə səslərlə deyil, bəzən də sözlərlə ifadə etməyə daxili ehtiyac duyursan. Söz qəlbdə qalmaz, deyiblər. Bu qeydləri sənət müəllimlərim, sənət dostlarım, eləcə də xarici həmkarlarım, səyahətlərim haqqında qəlbimdə “qala bilməyən”, dinləyicilərlə, oxucularla bölüşmək istədiyim fikirlərdir” deyən bəstəkarın fərqli illərdə çap olunduğu jurnallar da burada yer alır.

Bəstəkar uşaqlar üçün də dəyərli əsərlər yazıb. Onların bir qismi təkcə musiqi məktəblərində deyil, orta məktəblərin musiqi dərslərində də tədris olunur. Bu gün az qala böhran yaşanan uşaq mahnı və musiqiləri sahəsinə töhfə sayılacaq nümunələrin not yazıları da muzey fondunda yer alıb. Onları bəstəkar özü sağlığında fonda təqdim edib.

Müəllifin çap not vərəqləri içərisində özündə bir neçə vərəqlik not da diqqətimi cəlb etdi. Bu, müəllifin “Asəf Zeynallıya xatirə”  (skripka və fortepiano üçün) əsəri idi. Əsərin not yazısı 1949-cu ildə “Musiqi” nəşriyyatında çap olunub.

Fikrət Əmirovun uşaqlar üçün əsərlərinin çap nümunələrindən danışarkən “Uşaq lövhələri və 12 miniatür” (fortepiano üçün),  eləcə də “Uşaq pyesləri” (fortepiano üçün), həmçinin “Uşaq nəğmələri”, “Məktəbli nəğmələri” (azyaşlı uşaqlara fortepiano ilə oxumaq üçün) olan ayrı-ayrı illərə aid nəşrləri vurğulamaq lazımdır.

...Yaddaşımızda fərqli obrazı – seyrək dalğın saçları, düşüncəli baxışı və saf təbəssümü ilə qalan mehriban simalı Fikrət Əmirovun ömrünün ayrı-ayrı anlarının əks olunduğu fotoşəkillər də muzey eksponatı kimi qorunur. Bu fotolarda qayğısız, məsum uşaq, dəliqanlı yeniyetmə, dünyaya meydan oxuyacaqmış kimi iti nəzərli gənc, sinəsinə tarı sıxıb, dünyanı unudan musiqiçi, royalı arxasında hansısa əsərini şövqlə ifa edən bəstəkar, masasına qalaqlanmış əlyazmaları arasında itib-batan tədqiqatçı, orkestr önünə çıxıb layiq olduğu tükənməz tamaşaçı sevgisi qarşısında səadətlə gülümsəyən Fikrət Əmirov canlanır...

Ömrü zəngin musiqi irsinə köçüb, əbədiyyət qazanmış bəstəkardan xatirə qalan nümunələrin geniş tamaşaçı kütləsi üçün ekspozisiyaları da bəzəyəcəyi ümidi ilə muzeyi tərk edirik. Onun ölməz “Şur” simfonik muğamının sədaları altında...

Həmidə Nizamiqızı