Xalq artisti, bəstəkar Sevda İbrahimovanın əziz xatirəsinə

 

Bəli, məncə, onun bu dünyadan köçü (bu ilin 17 iyulunda dünyasını dəyişib) də musiqiləri kimi həzin, hay-küydən uzaq, insanın ən dərindəki hisslərinə toxunub sızıldadacaq qədər kövrək oldu.

Biz kütləvi dinləyici auditoriyası musiqi xadimlərini, ələlxüsus da bəstəkarları daha çox ən populyar janr olan mahnı yaradıcılıqlarına görə tanıyırıq. Təbii ki, bu, ədalətsizlikdir. Çünki elə böyük klassik və fundamental əsərləri olan bəstəkarlarımız var ki, onları yalnız məhdud auditoriya tanıyır. Hərçənd musiqidə xidmətlərini müqayisə etsək, dərin fərq yaranar...

Bu mənada düşünürəm ki, Xalq artisti Sevda İbrahimova (1939-2022) istər irihəcmli, istərsə də mahnıları ilə seçilən imzalardandır. O, bütün ömrünü həm də musiqi sənətimizin elmi cəhətdən təbliğinə, pedaqoji istiqamətdə öyrənilməsinə həsr edib.

Sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan, bütün mürəkkəb zamanlarda peşəsinə və yaradıcılıq xəttinə sadiq qalan və ən əsası da xalqının musiqi xəzinəsini dərindən sevən, onu yorulmadan təbliğ edən, yaradıcılığında mənsub olduğu xalqın musiqi irsini yaşadan bəstəkar idi. Bu da təsadüfi deyildi. Böyük yazıçımız Mirzə İbrahimovun yadigarı, tarzən Qurban Pirimovun nəvəsi olmaq və böyük amallar uğrunda yaşayıb-yaratmaq heç də hər kəsə nəsib olan səadət deyildi. Odur ki, o, zəhməti, dərin bilgisi və gendən gələn istedadı ilə böyük bir ömrü məhsuldar, dolğun, maraqlı və xalqına faydalı olmaq üçün yaşadı.

Sevda İbrahimova nəinki vətənimizdə, eləcə də onun hüdudlarından kənarda da yaxşı tanınırdı. Əsərləri ABŞ, Fransa, Almaniya, İsveçrə kimi ölkələrdə təşkil olunan konsertlərin proqramlarını bəzəmişdi. Bəstəkarın simli orkestr və skripka üçün “Həyat bir pəncərədir” əsəri müəllifə xüsusi sevgi qazandırıb. Bu qəbildən olan orqan, soprano və bariton üçün “Poema-ithaf”ını, fortepiano və simli orkestr üçün “Konsertino” əsərini, fortepiano üçün “Əhval-ruhiyyələr” kimi nümunələrini qeyd edə bilərik.

Musiqiyə dərin köklərlə bağlı olan bəstəkar bütün yaradıcılığında klassika, dünya musiqi irsi ilə muğam sənətini çox incə tellərlə, sirli bir vəhdətdə təqdim etməyə çalışıb. Təbii ki, bunun da özəl səbəbi ailəsindən gələn milli musiqi, muğam sənəti bağlılığı idi.

Ümumiyyətlə, Sevda İbrahimovada musiqiyə maraq çox kiçik yaşlarında yaranıb. Sözsüz ki, bu işdə babası məşhur tarzən Qurban Pirimovun, anası, Azərbaycanın ilk alitəhsilli qadın pianoçusu olan Sara Pirimovanın böyük rolu vardı. Bütün bunların nəticəsi olaraq əvvəlcə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsini (professorlar M.R.Prenner və Q.Qarayevin sinifləri) bitirən gələcəyin bəstəkarı müəllimlərinin diqqətini cəlb etməyə nail olur. Ali təhsilini başa vurduqdan sonra pedaqoji fəaliyyətə başlayan S.İbrahimova 1968-ci ildən ömrünün sonunadək bu musiqi tədrisi ocağında çalışır, professor kimi yeni elmi kadrların yetişməsinə əmək sərf edir.

Elmi-pedaqoji fəaliyyətinə rəğmən əsas sevgisindən – musiqi bəstələmək vərdişindən də əl çəkmir. Yaradıcılığına nəzər salsaq, bir neçə kantatanın, iki kvartetin, fortepiano və orkestr üçün dörd konsertin, fortepiano və orkestr üçün konsertinonun, fantaziyanın, orqan və orkestr, skripka və orkestr üçün musiqilərin, fortepiano üçün silsilə pyeslərin, romansların, elegiyaların, ballada və vokal əsərlərinin say və mövzu baxımından zənginliyini görürük. Bu mənada onun lirik və xüsusi zövqlə seçilmiş mətnlərə yazdığı mahnılarını da ayrıca qeyd etməliyik.

Bəstəkarın yaradıcılığında irihəcmli musiqi əsərləri də xüsusi yer tutur. Tələt Əyyubovun librettosuna əsasən bəstələdiyi “Həqiqət üzüyü” adlı ilk operasını hələ 1970-ci ildə ərsəyə gətirən bəstəkar “Nənəmin nəğməli nağılları” (libretto – Hikmət Ziya) adlı operanın da müəllifidir. Təsadüfi deyil ki, bu nümunə uşaqlar üçün yazılan nadir əsərlərdən hesab edilir.

S.İbrahimovanın babası Q.Pirimova bəslədiyi nəvə və dinləyici sevgisi zəngin silsilə musiqi əsərlərinin də ortaya çıxmasına səbəb olub. Bu mənada  “Xatirə” poeması, “Qurbansız qalan tarım”, eləcə də tar, kamera orkestri və səs üçün nəzərdə tutulan “Oda” adlı musiqi nümunələri mütəxəssislər tərəfindən bəyənilən əsərlərdir. Onun vətən, Qarabağ, Şuşa sevgisinin musiqili izharı da var. Bu, müəllifin böyük hüznlə nota köçürdüyü tar və kamera orkestri üçün “Sənin üçün darıxıram, Şuşam” əsəridir.

Ümumiyyətlə, Sevda xanımın yaradıcılığında Vətən, Qarabağ mövzusu xüsusi yer tutur. O, həsrətlə sevgisini musiqinin dilində elə zərif, elə həzin ifadə edir ki, istər-istəməz qulaq kəsilməli olursan. Müəllifin 20 Yanvar faciəsinə ithaf etdiyi “Vətən şəhidlərinə”, “Qəmginliklər”, “Vətən düşüncələri” adlı silsiləsini də unutmaq olmaz.

Yaradıcılıq gecələrinin birində fortepiano arxasına keçərək “Müəyyən səbəblərə görə fəaliyyətimin istiqamətini əsasən pedaqoji və yaradıcılıq sahəsinə yönəltmişəm. Amma elə əsərlərim var ki, onlar mənim mənəvi ehtiyacımdan, həsrətimdən, nisgillərimdən doğulub. Bu səbəbdən də onları özüm ifa edəndə sanıram ki, içimdəki yanğı daha dolğun əks olunur” deyən və Mirvarid Dilbazinin sözlərinə yazdığı “Oyan, bülbül” mahnısını ifa edən müəllif incə qəlbinin səsini bu yolla yenidən dinləyicisinə çatdırmaq istəmişdi...

Ümumilikdə yüzdən artıq mahnı və romansın müəllifi olan S.İbrahimova Aşıq Ələsgər, Nigar Rəfibəyli, Hökumə Bülluri, Mirvarid Dilbazi, Nəriman Həsənzadə, eləcə də atası Mirzə İbrahimovun yaradıcılığına müntəzəm müraciət edib. Onun mahnılarını respublikanın görkəmli müğənniləri – Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Xuraman Qasımova, Elmira Rəhimova, Flora Kərimova, Akif İslamzadə və başqaları ifa ediblər.

Çoxşaxəli yaradıcılığa malik bəstəkar bir sıra teatr tamaşaları və kinofilmlərə də musiqilər bəstələyib, fortepianonun tədrisi üçün dərsliklər ərsəyə gətirib.

Dolğun yaradıcılığı tamaşaçıları ilə yanaşı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilən bəstəkar 2005-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. O, 1994-cü ildən Bakı Musiqi Akademiyasının professoru idi.

...Yazını onun ən sevdiyim və tez-tez dinlədiyim bir mahnısı ilə – “Sən məni yad et”lə bitirmək istəyirəm. N.Həsənzadənin sözlərinə yazılan bu lirik nəğmədə bir misra var – “Günəşi ağ bulud, ya qara bulud bir anlıq örtsə də, sən məni yad et...”.

Xatırlanmağın, unudulmamaq üçün intizarla yalvarışın musiqidə sərhədsiz ifadəsi olan nəğmə və ümumən dolğun ömür və sənət yolu, sözsüz ki, onu da yaddaşlara qazıyacaq. Çünki sənətə həsr olunan ömür zaman anlayışına daim meydan oxuyur...

Həmidə Nizamiqızı