Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Bakıda səfərdə olan Ukraynanın Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyev ilə görüşüb. Görüşdə turizm sahəsində əməkdaşlığa dair bir sıra məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Ukraynalı nazir Azərbaycanın turizm sənayesinin nümayəndələri üçün Krım Muxtar Respublikasının turizm potensialına dair təqdimatın hazırlanmasında təşkilati dəstəyin göstərildiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. O, təqdimat mərasiminin uğurla həyata keçirildiyini bildirərək, Krım Muxtar Respublikasının turizm potensialı ilə yaxından tanış olmaq məqsədilə ölkəmizin turizm şirkətlərinin nümayəndələrini 2012-ci ilin fevral ayında keçiriləcək infotura dəvət edib.
   Qonaq həmçinin Krımda Azərbaycanın turizm potensialının təqdimatının keçirilməsini təklif edib və nazirlik tərəfindən təşkilati və informasiya dəstəyinin göstəriləcəyini bildirib.
   Bununla yanaşı, iki ölkə arasında mövcud olan münasib hava nəqliyyatı nəzərə alınaraq, uzaq ölkələrdən (Çin, Yaponiya, Koreya və s.) Krıma gələn turistlər üçün ölkəmizə bir neçə günlük səfərin təşkili və bu cür turist klasterlərinin yaradılması imkanları müzakirə edilib.
   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Krım tərəfini hər il Azərbaycanda keçirilən “AİTF” beynəlxalq turizm sərgisində iştirak etməyə dəvət edib. Görüşdə Krımın və Azərbaycanın televiziya kanallarında reklam çarxlarının qarşılıqlı nümayişi məsələsi də müzakirə edilib.