Avqustun 30-da Türkiyənin Samsun şəhərində “Teknofest – 2022” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılışı olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 300 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.
Bu ilin mayında Bakıda gerçəkləşən “Teknofest Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərindəki festivala qatılır və layihələrini ziyarətçilərə təqdim edir.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Milli pavilyonda AR (Artırılmış Reallıq) sual divarı, TRİFT – VR (Virtual Reallıq) hərbi atış simulyatoru, AR “Dron yarışı” simulyatoru, “Smart Qarabağ” haqqında təqdimat nümayiş olunur. Ziyarətçilərə həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR videosəyahət təqdim edilir.
“Teknofest – 2022” Aerokosmik və Texnologiya Festivalı sentyabrın 4-dək davam edəcək.
Qeyd edək ki, “Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
26-29 may 2022-ci il tarixində “Teknofest” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib.