Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fondunun təşkilatçılığı ilə avqustun 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Səfirlikdən verilən məlumata görə, təqdimatda “Katara” Mədəniyyət Şəhərciyinin baş direktoru Xalid İbrahim əl-Sulayti, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyənin Qətərdəki səfiri Mehmet Mustafa Göksu, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin diplomatları, yerli media mənsubları, Qətərdə yaşayan azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov tədbirdə çıxış edərək kitab haqqında məlumat verib, Leyla Əliyevanın poeziyasının fəlsəfi çalarları və özəlliklərindən söz açıb. Bildirib ki, müxtəlif dillərə tərcümə edilən şeirlər toplusunun ərəbcə nəşri ilk dəfə Qətərdə təqdim olunub.
R.İsmayılov həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə də məlumat verib. Bildirib ki, Xocalı soyqırımı həqiqətlərinin dünyada yayılması məqsədi daşıyan kampaniya çərçivəsində bir çox ölkələrdə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunub.
Təqdimatda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss edilir.
Qeyd edək ki, “Dünya yuxutək əriyir” kitabının dizaynında Leyla Əliyevanın müəllifi olduğu rəsmlərdən nümunələr əks olunub.
Sonra Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Təqdimat mərasimi haqqında Qətərin ingilisdilli “Gulf Times” və “The Peninsula” qəzetlərində geniş məqalələr dərc edilib, həmçinin “Katara” Mədəniyyət Şəhərciyinin rəsmi saytında və sosial şəbəkə səhifələrində məlumatlar yerləşdirilib.