Azərbaycan ipəyi sentyabrın 1-dən 4-dək “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada keçiriləcək 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalında nümayiş etdiriləcək.

Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək festivala müxtəlif ölkələrdən ipək istehsalçıları, çoxsaylı qonaqlar qatılacaq.

Azərbaycan festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendlə təmsil olunacaq.

Ölkəmizin festivalda iştirakının əsas məqsədi qədim və zəngin ipəkçilik sənətimizi təbliğ etmək, eləcə də Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.

Festivalda Şəkidə istehsal olunan ipək nümunələrinin, milli baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçiriləcək. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, ustad dərslərinin təşkili nəzərdə tutulur. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin milli ipək nümunələri ilə bağlı sərgilərin təşkili də planlaşdırılır.