Meksikanın Azərbaycandakı Səfirliyində avqustun 26-da yaradıcı insanların iştirakı ilə görüş keçirildi. Tədbir iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olaraq keçirilən sərgilərə görə təşəkkür əlaməti kimi təşkil edilmişdi. 

Səfir Xuan Rodrigo Labardini Flores qonaqları salamlayaraq Meksika və Azərbaycan arasında rəsm sərgilərinin təşkilinə görə layihənin rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovalara təşəkkür etdi. 80-ə yaxın rəssam və media nümayəndəsinin iştirak etdiyi gecədə Xuan Rodrigo Labardini Flores Azərbaycan və Meksika arasında dostluq münasibətlərindən danışdı. Diplomat iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi rolu olan rəssamlara dərin təşəkkürünü bildirdi. O, gələcəkdə bu qəbildən layihələrin sayının daha da çox olacağına ümidvar olduğunu dedi.

Elnurə İsgəndərova səfirə xüsusi diqqət üçün təşəkkür edərək Meksikaya həsr olunan tədbir və sərgilərə sənətçilərin həvəslə qatıldıqlarını qeyd etdi: “Könüllü Vətənpərvər Rəssamlar Qrupu” olaraq 15 ildir bu istiqamətdə həvəslə işləyir və bundan qürur duyuruq. Məqsədimiz Azərbaycanının bütün ölkələrlə dostluq və mədəni əlaqələrinə dəstək verməkdir”.

Xalq rəssamı, professor Arif Hüseynov çıxışı zamanı tədbirin təşkilinə görə təşəkkür edərək birgə əməkdaşlıqda rəssamlara uğurlar arzuladı.

Daha sonra qonaqlara Meksika mətbəxinin təamları təqdim olundu. Tədbir  kamança ifaçısı Şəhriyar Musayevin çıxışları ilə davam etdi.

Lalə