Tanınmış sənətşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə avqustun 27-də, 75 yaşında vəfat edib.
Cəmilə Yusif qızı Həsənzadə 7 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə İ.Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun (indiki Sankt-Peterburq Rəssamlıq Akademiyası) Sənətşünaslıq fakültəsini bitirib.
Cəmilə Həsənzadə Azərbaycan miniatür sənətinin görkəmli tədqiqatçısı, “Təbrizin sehrli nağılları” kitabının müəllifidir. Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid yüzlərlə elmi əsər, məqalə yazıb. Rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanaraq, araşdırmalarını danılmaz faktlarla əsaslandırıb. Uzun illər AMEA Memarlıq və İncəsənət İnstitutunda elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında dərs deyib.
Allah rəhmət eləsin.