Cəlaləddin Qasımovun “Xatirə və xəta” bədii filmi ABŞ-da keçirilən 19-cu “Accolade Qlobal” film yarışmasında uğur qazanıb.

“SSP Production”un istehsal olan ekran işi “Ən yaxşı bədii film” kateqoriyası üzrə “Accolade heykəlciyi”nə – qızıl mükafata layiq görülüb.

Ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov olan film koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polis və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.

Filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalıdır, montajı Elnur Tarverdiyevə məxsusdur.