Azərbaycan

 

6 sentyabr 1936 – SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “SSRİ Xalq artisti” adı təsis olunub. Sovet İttifaqında mədəniyyət xadimlərinə verilən ən yüksək fəxri ad olub. Azərbaycandan bu ada ilk olaraq Üzeyir Hacıbəyli, Bülbül, Şövkət Məmmədova (1938) layiq görülüblər.

6 sentyabr 1945 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (18.4.1873 – 1945) vəfat edib. Şuşada dünyaya gələn sənətkar Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb. Böyük müğənni Rəşid Behbudovun atasıdır.

6 sentyabr 2015 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (16.7.1958 – 2015) vəfat edib. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.

 

7 sentyabr 1914 – Teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 – 19.9.1973) Bakıda anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.

7 sentyabr 1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.

 

8 sentyabr 1903 – Əməkdar artist Dadaş Kamil oğlu Şaraplı (Məmmədov; 1903-1959) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub.

8 sentyabr 1906 – Xalq artisti Yelena Vladimirovna Taryeva (1906-1962) Odessada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1938-ci ildən) olub.

8 sentyabr 1949 – Əməkdar incəsənət xadimi Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (1949 – 9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb. “Üzeyir ömrü” (1981) filmində çəkilib.

8 sentyabr 1982 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909 – 1982) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

8 sentyabr 2015 – Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (28.5.1927 – 2015) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Filmlərdə musiqiləri ifa edib.

 

9 sentyabr 1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 – 13.6.2009) anadan olub. Səməd Vurğunun Ev-Muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.

9 sentyabr 1939 – Xalq artisti İrina Aleksandrovna Perlova (1939 – 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

9 sentyabr 1991 – Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) vəfat edib. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

 

Dünya

 

6 sentyabr 1928 – Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.

6 sentyabr 2007 – Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 – 2007) vəfat edib.

 

7 sentyabr 1726 – Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.

7 sentyabr 1870 – Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870–1938) anadan olub. “Molox”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta”, “Qranat qolbağı” və s. roman-povestlərin müəllifidir.

7 sentyabr 1909 – Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu; 1909–2003) İstanbulda anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).

 

8 sentyabr 1830 – Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral; 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.

8 sentyabr 1841 – Görkəmli çex bəstəkarı Antonin Leopold Dvorjak (1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.

8 sentyabr 1923 – Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923 - 3.11.2003) anadan olub. Milliyyətcə, avardır. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb.

8 sentyabr 1937 – Tanınmış türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur; 1937 – 28.6.2022) Əskişəhərdə doğulub. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s. Şeirlər yazıb.

 

9 sentyabr 1583 – İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi; 1583-1643) anadan olub.

9 sentyabr 1769 – Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.

9 sentyabr 1828 – Böyük rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 – 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Canlı meyit” (pyes) və s.

9 sentyabr 1908 – İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese; 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan