Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

642 il əvvəl...

8 sentyabr 1380-ci ildə rus knyazlıqları ilə Qızıl Ordanın qoşunları arasında Kulikovo (Don çayının sahilində) döyüşü olub. Vladimir və Moskva knyazı Dmitri İvanoviçin (Dmitri Donskoy) ordusu Qızıl Orda xanı Mamayın başçılıq etdiyi qoşunları məğlub edib. Bu məğlubiyyətdən sonra Qızıl Ordanın rus knyazlıqları üzərində hökmranlığı zəiflədi. Bununla belə, monqol-tatarların hökmranlığına rəsmən 1480-ci ildə son qoyuldu.

 

210 il əvvəl...

7 sentyabr 1812-ci ildə Rusiya-Fransa müharibəsi gedişində Borodino kəndi yaxınlığında (indiki Moskva vilayətinin Mojaysk rayonunun ərazisində) böyük döyüş olub. İki böyük sərkərdənin – Napoleonla Kutuzovun üz-üzə gəldiyi döyüşdə Fransa qoşunları məğlub olub. Napoleonun ordusu 58 min nəfər (o cümlədən 47 general), Rusiya qoşunları 44 min nəfər (o cümlədən 23 general) itki vermişdi.

 

200 il əvvəl...

7 sentyabr 1822-ci ildə Portuqaliyanın Cənub Amerikadakı ən böyük müstəmləkəsi olan Braziliya müstəqilliyini elan edib. Ölkə 1889-cu ildə Britaniya Federativ Respublikası, 1891-ci ildə isə Braziliya Birləşmiş Ştatları adını aldı.

 

121 il əvvəl...

6 sentyabr 1901-ci ildə Buffalo şəhərində (Nyu-York ştatı) keçirilən Panamerika sərgisinin açılışında iştirak edən ABŞ-ın Prezidenti Vilyam Mak-Kinliyə sui-qəsd olub. Anarxist qruplaşma üzvü Leon Çolqoş açdığı atəşlə onu ölümcül yaralayıb. V.Mak-Kinli 8 gün sonra vəfat etdi.

 

104 il əvvəl...

6 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nümayəndə heyəti İstanbulda Osmanlı Sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyəti heyətinin ilk xarici səfəri idi. Görüşdə Cümhuriyyətə əlavə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub.

 

97 il əvvəl...

7 sentyabr 1925-ci ildə Vyanada (Avstriya) keçirilən beynəlxalq konfransda Beynəlxalq Cinayət Polisi Komissiyası yaradılıb. 1946-cı ildə qurum İnterpol (Beynəlxalq Polis) adlandırılıb.

 

81 il əvvəl...

8 sentyabr 1941-ci ildə İkinci dünya müharibəsi gedişində Leninqradın blokadası başlanıb. Alman qoşunları 872 gün (1944-cü il yanvarın 27-dək) şəhəri blokadada saxlasalar da, ələ keçirə bilmədilər. Blokada başlananda şəhərdə 2,9 milyon nəfər vardı. Onlardan təxminən 800 mini aclıqdan və bombardmanlardan həlak olmuşdu.

 

54 il əvvəl...

6 sentyabr 1968-ci ildə Britaniyanın Afrikanın cənubundakı müstəmləkəsi olan Svazilend müstəqilliyini elan edib. Svazilend 1903-cü ildə Britaniyanın protektoratlığına keçmişdi.

 

31 il əvvəl...

5 sentyabr 1991-ci ildə Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə fərmanı verib. General-leytenant Valeh Bərşadlı müdafiə naziri təyin edilib. Amma ölkənin hələ ordusu yox idi. 9 oktyabrda Ali Sovet Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul etdi.

7 sentyabr 1991-ci ildə erməni təxribatçı dəstələri Dağlıq Qarabağ Muxtar Vilayəti Hadrut rayonunun (indi Xocavənd rayonun tərkibindədir) Tuğ kəndində 2 azərbaycanlı sakini öldürüb. Həmin gün Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.

8 sentyabr 1991-ci ildə Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Ölkədəki əksər siyasi qüvvələrin boykot etdiyi və alternativ namizədin olmadığı seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibovun prezident seçildiyi elan edilib. Mütəllibov 1990-cı ilin mayında Ali Sovet tərəfindən prezident seçilmişdi.

 

30 il əvvəl...

8 sentyabr 1992-ci ildə Azərbaycanla Yaponiya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımışdı) arasında diplomatik münasibətlər qurulub.

 

24 il əvvəl...

8 sentyabr 1998-ci ildə Bakıda tarixi İpək Yolunun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin (o cümlədən 9 ölkə başçısı), 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə imzalanıb.

Hazırladı: V.Orxan