Dərbənd Dövlət Azərbaycan Dram Teatrında premyerası sentyabrda gözlənilən SSRİ Xalq artisti Murad Kajlayevin “Validə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsərinin rəssamı Dağıstanın Əməkdar rəssamı Dəmir İsakov, musiqi rəhbəri isə Sevda Bəybalayevadır.
Tamaşada Dərbənd teatrının aparıcı aktyorları və “Kaspi” dövlət rəqs ansamblı iştirak edirlər.
Rejissor Hafiz Quliyev həmin teatrın kollektivi ilə birlikdə səhnə əsəri üzərində gərgin işlədiyini bildirib: “Məzuniyyət vaxtı olsa da, başda teatrın direktoru Dağıstanın Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov olmaqla bütün truppa ilə avqustun 1-dən 30-dək gərgin məşq etdik. Hər kəs qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışırdı. Sonda tamaşa uğurla təhvil verildi. Əsərin maraqlı süjet xətti var”.
Qeyd edək ki, tamaşanın premyerası müəllifin iştirakı ilə Mahaçqala şəhərində nəzərdə tutulur.