Xocalı faciəsi ədəbiyyatımıza elə o gecədən - fevralın 25-dən 26-na keçən - səhəri olmayan gecədən boylandı. O gündən taleyimizə yazılan Xocalı yazısını yazmağa çalışırıq...
   
   
   İlahi! Sən onlara rahatlıq ver...
   İlahi! Təskin et!..
   Sən onlara səma nəğmələri göndər,
   Təsəlli səp...
   
   Bu misralar Nurəngiz Günün “Xocalı simfoniyası”ndandır. Və əslində “Xocalı simfoniyası” Xocalı faciəsinin ağısı, oxşamasıdır. “Xocalı simfoniyası” balasını itirmiş ananın qorxu, təlaş, hıçqırıq, hönkürtü qarışıq harayıdır:
   
   Yox, ruzgar! O cürə əsmə sən!
   Torpaqda...
   Torpağın altında dip-diri ölülər var
   Diksinə bilər Onlar...
   
   Nurəngiz Günün “Xocalı simfoniyası” həm də Xocalının yer üzündən silindiyi gecənin ədəbiyyata hopan səsidir. Hələ ki bu səsi bütün dünya eşitməyib, hələ ki “Xocalı simfoniyası” üç dildə - Azərbaycan, rus və ingilis dilində nəşr olunub. Ancaq Xocalı faciəsini dünyanın kar olmuş qulaqlarına çatdırmaq istəyiriksə, “Xocalı simfoniyası” dünyanın bütün dillərinə tərcümə olunmalıdır.
   Hər kəs Xocalı faciəsini gördüyü, hiss etdiyi, duyduğu və yaşadığı kimi yazır. Bir dərdin yüz yozumu, bir dərdin yüz çaları dil açıb danışır.
   
   Bu il yenə
   Xocalının ad günündə
   Azdramaya getdik,
   Xocalı facəsinə
   tamaşa etdik...

   
   Bu misralar şair Qəşəm Nəcəfzadənin “Xocalı mövsümü fevral” başlığı altında dərc etdirdiyi silsilə şerindəndir. Qəşəm Nəcəfzadə Xocalı faciəsinə ağı demir, Xocalı faciəsinə içində yaşadığı vaxtın içindən baxır:
   
   Xocalı uşaqlarının
   Soyuqdan donduğunu görəndə,
   Uşağımızın paltosunu
   Yaxşıca düymələdik,
   Əlinə peçenyə verdik
   Üzündən öpdük
   Başını sığalladıq...
   

   Əslində bu səmimi, çox səmimi bir etirafdı. Həyat öz axarı ilə gedir. Uşaqlar böyüyür... böyüməyən, lentlərin yaddaşında yaşayan, don vurmuş, güllələnmiş, qar üstünə səpələnmiş uşaqlardı. İblisin divan tutduğu mələk sifətli uşaqlar... İnsan ovunun qurbanları, qisası alınmayan tifillər... Biz ilin bir günü yox, ilin 365 günü Xocalı faciəsini yaşamalıyıq. Bir gün çox azdı, o qədər azdı ki, Xocalı soyqırımının qurbanlarının adını belə sayıb qurtarmağa çatmaz...
   
   Xocalı mövsümü fevral!
   Xocalı mövsümüdür bu ay.
   Lentin tozu alınır,
   Bir də göstərilməyi
   Qaldı gələn ilə.
   
   Şair Ələmdar Quluzadənin qələmə aldığı “Şəhid şəhər” poeması da Xocalı faciəsinin dəhşətlərinə, ağrılarına, faciələrinə həsr olunub.
   
   Bəşər görməmişdi bu qovhaqovu,
   Danışa bilmirəm, dilim də əsir.
   Bülənd olub ərşə qalxdı alovu,
   Sağlar girov düşdü, şəhidlər əsir.
   
   Şair “Şəhid şəhər” in dərdlərini, dərdlərin köklərini axtarır:
   
   Oduna qalandıq çox imdadların,
   Sözümün yüz sual, yüz nidası var.
   Qapıma qonaqtək gələn yadların
   Evimə sahiblik iddiası var. 
   

   Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” poemaları da Xocalı faciəsinə həsr olunub.
   Xocalı faciəsindən danışarkən yadıma və çoxlarının yadına jurnalist Səriyyə Müslümqızı düşür. Xocalı hadisəsi onun gözlərinin qabağında baş verib, bu faciənin bütün ağrı-acısını, insan ağlına sığmayan müsibətlərini yaddaşından əvvəl gözlərinə köçürüb. Üstündən 19 il keçməsinə baxmayaraq hər dəfə Səriyyə Müslümqızı ilə qarşılaşanda gözlərində Xocalının qanlı mənzərəsini görürəm. Bir jurnalist, bir vətəndaş, bir xocalılı, bir şahid kimi Səriyyə Müslümqızının qələmə aldığı "Qar üstünə qan yağdı", "Ümid olmasa ölərəm" (ingilis dilində), "Ölümündən o yandakı Xocalı" kitablarını ədəbiyyatımızın Xocalı dərdi ilə bağlı canlı salnaməsi sayıram...
   Çox güman ki, Xocalı faciəsi ilə bağlı adlarını çəkə bilmədiyim çoxlu əsərlər, şeirlər, hekayələr yazılıb. Ola bilsin ki, kimsə hələ Xocalını qəlbindən qələminə köçürməyib, ola bilsin ki, kimsə sözünü deməyib, amma Xocalı mövzusunun Azərbaycan ədəbiyyatında daimi mövzulardan birinə çevriləcəyinə gərək kiminsə şübhəsi olmasın. Biz dərdimizi sözlə deməyi bacarmalıyıq. Zaman-zaman Xocalı lövhələri ədəbiyyatımızdan boylanıb qanlı gecənin dəhşətini, faciəsini, qətlə yetirilən günahsız insanların səsini batmağa qoymamalıdır. Çünki zamanın, vaxtın, yaddaşın unutduğunu ədəbiyyat unudulmağa qoymur...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar