Oktyabr-dekabr aylarında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsi keçiriləcək.
Baş idarədən bildirilib ki, müsabiqənin məqsədi rəqs sənətini inkişaf etdirmək qədim ənənələrini qoruyub saxlamaq, bu sənətin təbliğini genişləndirmək, həmçinin rəqs sənəti üzrə istedadları aşkar etmək və onlara bu sahədə geniş imkanlar yaratmaqdır.
Müsabiqə iki turdan ibarət olacaq və Bakı şəhərinin 12 rayonu üzrə keçiriləcək. Gələcəkdə isə bütün ölkə ərazisini əhatə edəcək. Müsabiqədə iştirakçıların yaş həddi 3 qrup üzrə (6-10, 11-15, 16-18) müəyyənləşdirilib.
Qaliblərin seçimini Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən yaradılmış münsiflər heyəti həyata keçirəcək. İlk seçim turu oktyabrın 1-də H.Abbasov adına Mədəniyyət Mərkəzində, daha sonra baş idarənin tabeliyində olan digər mədəniyyət müəssisələrində keçiriləcək. Qaliblərin mükafatlandırılması və yekun konserti dekabrda təşkil olunacaq.
İştirakçılar qeydiyyat və müsabiqə barədə ətraflı məlumat əldə etmək üçün musabiqe@bakuculture.gov.az elektron poçt ünvanına və ya (012) 492-91-59 telefon nömrəsinə müraciət edə bilərlər.