Son illər Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq mənzərəsində mədəniyyət sahəsi xüsusi yer tutur. İki ölkə arasında bağların daha da möhkəmlənməsinə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də mühüm töhfə verir. Mərkəz tərəfindən bu məqsədlə müxtəlif layihələr həyata keçirilir.
AMM tərəfindən Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan Azərbaycana dair əlyazmaların müəyyənləşdirilməsi və onlara dair araşdırma layihəsi də bu məqsədə xidmət edir.
Layihə çərçivəsində azərbaycanlı gənc alim, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən aparılan araşdırmalarda Azərbaycan ədəbiyyatına dair çoxsaylı əlyazma nüsxələri aşkarlanıb.
Qeyd olunan nümunələr arasında böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi transfoneliterasiya edilərək Azərbaycan Mədəniyyət Nazirliyi və AMM-in layihəsi ilə nəfis şəkildə nəşr olunub.
1535-ci ilə aid incə nəstəliq xətti ilə köçürülmüş “Divan”ın bu əlyazma nüsxəsi təkcə sərkərdə-şairin əsərlərinin əhəmiyyəti və qədimliyi baxımından deyil, həmçinin Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də dəyərli mənbədir.
Xəttatlıq məktəbimizin görkəmli nümayəndələrindən biri Şah Mahmud Nişapuri tərəfindən yazılan əlyazmada Azərbaycan xəttatlığının, nəqqaşlığının, klassik kitabişləmə sənətinin dəyərli elementləri öz əksini tapıb.
Xətai “Divan”ının Daşkənd nüsxəsinin faksimileli nəşri mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanıdılması öz keçmişimizə, milli dəyərlərimizə sahib çıxmaqla yanaşı, sözügedən zəngin irsimizin gələcək nəsillərə ötürülməsi, təbliği istiqamətində olduqca əhəmiyyətlidir.
Nəşrə ön söz yazan mədəniyyət naziri Anar Kərimov Azərbaycan xalqının şanlı dövlətçilik tarixinə, zəngin mədəniyyət və incəsənətə, bütün dünya ədəbiyyatına təsir edə biləcək qiymətli ədəbiyyata sahib olduğunu qeyd edir. Vurğulanır ki, Şah İsmayıl Xətai klassik Azərbaycan poeziyasının istedadlı şairi, incəsənət bilicisi olaraq xalqımıza Azərbaycan dilində ən gözəl incilərdən ibarət poetik nümunələr miras qoyub. Söz, sənət ustadı olan böyük sərkərdənin qələmindən süzülüb gəlmiş poetik nümunələr neçə yüzillərdir ki, klassik poeziyamızda, aşıq yaradıcılığında, musiqimizdə, incəsənətimizdə öz dərin təsirini göstərir. Şairin yaradıcılığı Azərbaycan dilinin tarixi inkişaf mərhələsini öyrənən dilçi alimlərimiz üçün zəngin mənbədir.
Qeyd edək ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının nüsxələri Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Qahirə, Tehran, Təbriz, Ərdəbil və s. şəhərlərdə qorunub saxlanılır. Bu əlyazmalardan ikisi Özbəkistan Milli Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunur ki, onlardan da biri əsas nüsxədir. Həcmi 84 vərəq 168 səhifədir. Əlyazmanın mətni qızılı və mavi xətlərlə haşiyələnib, qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin təxəllüsü isə hər yerdə qızılı mürəkkəblə işlənilib. Xətai əlyazmaları içərisində xüsusi seçilən anadilli “Divan”ın Daşkənd nüsxəsi alimlər tərəfindən yüksək qiymətləndirilib. “Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi”nin nəşri klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif və nəfis incilərindəndir.
Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, ölkəmizə dair qiymətli əlyazmaların tədqiqi və nəşrini həyata keçirmək üçün uzun müddətdir ki, mütəxəssislərlə birgə sistemli iş aparılır. Xətai yaradıcılığı ilə yanaşı Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərimizin yaradıcılığı ilə də bağlı Özbəkistanda çoxsaylı əlyazma nüsxələri müəyyənləşdirilib və gələcəkdə onlara dair tədqiqat işləri, layihələr həyata keçiriləcək.
AMM-dən o da bildirilib ki, nəşrin Bakıda və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.