O, gənc ikən bənzərsiz səsi və ifaçılıq mədəniyyəti ilə dövrün tanınmış sənət adamlarını heyran edib, yüksək mənsəb sahiblərinin hörmət və ehtiramını qazanıb. “Şuşanın simaları” rubrikasında bu dəfə sənət şöhrəti qala-şəhərimizdən başlayıb qonşu ölkələrə yayılan görkəmli xanəndə Əbdülbaqi Zülalov – Bülbülcan haqqında söz açacağıq.
Əbdülbaqi Kərbəlayı Əli oğlu Zülalov 1841-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından şaqraq və bəlağətli səsi ilə şəhərin musiqi mühitində diqqət çəkməyə başlayır. İlk musiqi təhsilini Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış Xarrat Qulunun məktəbində alır. Təhsilini başa vurduqdan sonra tarzən Mirzə Sadıqcan onu öz musiqiçi dəstəsinə qəbul edir. Bərabər Şuşa, Şəki, Şamaxı və Gəncə şəhərlərində imkanlı ailələrin məclislərinə, el şənliklərinə dəvət olunur. Xanəndə kimi müasirlərinin, o cümlədən şairə Xurşidbanu Natəvanın da rəğbətini qazanır. Onun bağında qurulan məclislərdə, xüsusilə xan qızının Şuşaya su çəkilməsi münasibətilə 18 avqust 1873-cü ildə təşkil olunan xalq şənliyində yaxından iştirak edir.
Əbdülbaqi Zülalov 1875-ci ildə Tiflisə köçür. Araşdırmalarda qeyd edilir ki, o zaman Cənubi Qafqazın mədəniyyət mərkəzi sayılan bu şəhərdə xeyriyyə məqsədilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələrlə yanaşı, məşhur rus, italyan musiqiçiləri də çıxış edirdilər. Gənc Əbdülbaqi Tiflisdə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxuyur. Elə ilk çıxışı ilə musiqisevərlərin ruhunu oxşayır. Ustadları ona parlaq gələcəyi üçün bəzi dəyərli məsləhətlər verirlər. Bildirirlər ki, gürcü dilini də öyrənib oxusan, bu xalqın da qəlbinə yol taparsan. O, çox keçmir gürcü dilini öyrənir. Bənzərsiz ifası ilə gürcü dinləyicilərin də qəlbinə yol tapır. Qısa vaxtda elə bir şöhrət qazanır ki, bütün Tiflisdə onu “Bülbülcan” deyə çağırırlar.
Musiqişünas, Əməkdar incəsənət xadimi Firidun Şuşinski araşdırmasında yazır ki, Bülbülcan Tiflisdə yaşadığı müddətdə (1875-1905) bir neçə musiqi dəstəsi yaradır. Tarzən Sadıqcanla birlikdə şəhərdə yaşayan yoxsul müsəlmanların xeyrinə təşkil olunan konsertlərdə yaxından iştirak edir. Tiflisdə çıxan “Ziya” qəzeti onların konsertləri haqqında tez-tez xəbərlər dərc edir. Belə konsertlərin biri haqqında qəzetin verdiyi elanda yazılıb: “Bu yaxın vaxtda füqəra və miskinlərdən ötrü şəhərdə bina olunan İran xəstəxanasının sərmayəsinə qüvvət və mənfəət vermək qəsdilə Tiflisin teatr imarətində ibrətnüma və fərəh-əfza, növbənöv görməli və eşitməli tamaşalar olacaqdır. Tiflis əhlinin dildadəsi olan xanəndə və sazəndələrdən Əbdülbaqi və Sadıq dəxi hazır olacaqdır”. “Qafqaz” qəzetində verilən bir elanda isə belə deyilirdi: “Bu gün – 22 iyun 1886-cı ildə Arsurini teatrının binasında həvəskarlar tərəfindən tatar dilində M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası oynanılacaq. Tamaşanın fasilələrində Əbdülbaqinin sazəndə dəstəsi çalacaqdır”.
Görkəmli xanəndənin bənzərsiz sənəti haqqında el arasında rəvayətlər də dolaşıb. Deyilənə görə, bir gün Tiflisin ən qaynar küçəsi olan Qolovinski (indiki Rustaveli) küçəsindən əynində çərkəzi çuxalı, atlas arxalıqlı, başı gümüşü papaqlı, çiyni aynalı tüfəngli və qolunun üstündə qızılquş olan bir atlı gəlib keçir. Camaat bir anlıq ayaq saxlayıb heyrətlə ona tamaşa edir. İncəayaqlı Qarabağ atının üstündəki adamın kimliyi onları maraqlandırır. Axı Qolovinski küçəsində at sürməyə yalnız Qafqaz canişininin və onun ən yaxın adamlarının ixtiyarı vardı. Bu, azərbaycanlı xanəndə Bülbülcan idi. Həmin hadisənin isə maraqlı bir tarixçəsi var. Rus çarı III Aleksandr 1888-ci ilin payızında ailəsi ilə Qafqaza istirahətə gəlir. Çarın Tiflisə gəlişi münasibətilə şəhərin ən gözəl guşəsi olan “Müctəhid bağı”nda böyük şənlik təşkil olunur. Şənliyə Bülbülcan da dəvət edilir. Cabbar Qaryağdıoğlu xatirələrində yazır ki, məclisdə çarın sağlığına badə qaldırılarkən Bülbülcan elə bir zəngulə vurur ki, III Aleksandr və arvadı onun səsinə heyran qalırlar. Bundan sonra çar Qafqazda olduğu müddətdə Bülbülcan onun məclislərində yaxından iştirak edir. Çar Sankt-Peterburqa qayıdarkən Qafqaz canişininə tapşırır ki, Əbdülbaqinin nə arzusu olsa yerinə yetirsin. Canişin Əbdülbaqini çağırır və çarın tapşırığını ona bildirir. Xanəndə xahiş edir ki, ona bir aynalı tüfəng bağışlasın və Qolovinski küçəsindən isə at sürməyə icazə versin. Canişin onun xahişini yerinə yetirir...
1900-cü ilin mayında İran hökmdarı Müzəffərəddin şah Tiflisə gəlir. Onun gəlişi münasibətilə saray bağında böyük məclis qurulur. Məclisə dəvət olunan Əbdülbaqi böyük şövqlə oxuyur. İfaya heyran qalan Müzəffərəddin şah onu xanəndəlik hünərinə görə “Şiri-Xurşid” ordeni ilə təltif edir.
Mənbədə o da göstərilir ki, 1904-cü ildə I Nikolayın qardaşı Knyaz Mixail Romanov Tiflisdə olarkən onun şərəfinə şəhərin “Edem” bağında ziyafət təşkil edilir. Həmin ziyafətə Bülbülcan da dəvət olunur. Onun gözəl ifasından heyrətlənən knyaz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxarıb xanəndənin barmağına taxır.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Əbdülbaqi Zülalov Bakıya gəlir. 1923-cü ildə o, muğamatdan dərs demək üçün Üzeyir Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə dəvət edilir. Yaşının çox olmasına baxmayaraq, gənc xanəndələrin hazırlanmasında xüsusi səy göstərir. Dahi Üzeyir bəy məqalələrinin birində yazıb: “...Tarzən Sadıqcanın, xanəndə Əbdülbaqinin adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanıblar”.
Azərbaycan musiqi sənətinə 70 il xidmət göstərən, onun inkişafına töhfələr verən ustad sənətkar 1927-ci ilin avqustunda, 86 yaşında vəfat edib.
Savalan Fərəcov