Füzuli Hüseynov: “Mənə elə gəlir ki, Spartak roluna kim çəkilsəydi, məşhur olacaqdı...”

 

Kino xarici gözəlliyi seçir, istedadı isə sevir, məşhurlaşdırır. Məhz bu mənada kinosevərlərin sevimlisi olmaq hər aktyora nəsib olmur. Maraqlı kino obrazları ilə çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanan Əməkdar artist Füzuli Hüseynovun bu gün 60 yaşı tamam olur. Fürsətdən istifadə edib kino ictimaiyyətinin daim diqqətində olan aktyorumuza təbriklərimizi çatdırdıq, yubilyarın bələdçiliyi ilə kino fəaliyyətini izlədik.

 

– Yubiley yaşınız düşərli, uğurlu olsun.

– Çox sağ olun.

 

– Ümumiyyətlə, 60 yaş insana hansı mesajı ötürür?

– Qocalıqdan xəbər verir (gülür). 50 yaşım olanda özümü həmin yaşda hiss etmirdim. Amma 60 yaşa çatanda hiss etdim ki, 50-ni ötmüşəm və artıq qocalıq yaxınlaşır. Hər bir halda taleyimizi, alın yazımızı yaşayırıq, ömür yolumuzu keçirik. Bu da gözəldir.

 

– Doğum gününüzü kimlərlə qeyd edəcəksiniz, doğmalarla, yoxsa dostlarla?

– 55 yaşımı dostlarımın təkidi ilə daha geniş qeyd etdim. Amma dəvət edə bilmədiyimə görə bir çoxları məndən incidi. Buna görə də bu dəfə doğum günümü dəbdəbəli keçirtməyəcəm. Gedib doğmalarımla, anamla, bacı-qardaşımla görüşəcəm. Sonra da dostlarımla yığışıb yüngülvarı qeyd edəcəyik.

 

– Yeri gəlmişkən, ailəniz haqqında bir qədər məlumat əldə edək...

– Atam İsmət kişi uzun illər sürücü işləyib. Halal zəhməti ilə ailəmizi dolandırıb. Ailədə 5 uşağıq – 2 bacı, 3 qardaş. Anam Mina xanım evdar qadındır. Şükürlər olsun ki, bu il 89 yaşı tamam oldu. Xoşbəxt insanam ki, 60 yaşımda anamı qucaqlaya, yanında otura bildim. Bundan gözəl nə ola bilər ki, adam özünü uşaq kimi hiss edir (gülür). Atam qarşımıza heç vaxt şərt qoymayıb. Həmişə ali təhsilli olmağımızı istəyib. 

 

– Ailədə sizdən başqa sənətə üz tutan oldumu?

– Kiçik bacım İncəsənət İnstitutunun Mədəni-maarif şöbəsinin Kütləvi tamaşalar rejissorluğu fakültəsini bitirib.

 

– Atanız peşə seçiminizə mane olmadı ki?

– Yox. Amma bir dəfə fikrini dolayısı ilə bildirdi. “Yad qızı” tamaşasındakı rolumu (Məzhər) izləmişdi və mənə belə gəldi ki, bəyənmişdi. Amma yenə də sözü bu oldu ki, “Sən də özünə fərli bir peşə tapmadın. Ac qalacaqsan, pul qazana bilməyəcəksən”. Kişi düz deyirmiş (gülümsəyir).

 

– Sənət təcrübəniz və fakturanız kinoya uyğundur. Kinoda az çəkilməyiniz isə təəccüb və təəssüf doğurur...

– 1980-ci ildə instituta qəbul olunduğum vaxtdan etibarən “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan əksər filmlərə dəvət almışam. Amma nədənsə çəkilməmişəm. Sonralar dərk etdim ki, hər rejissorun öz komandası var və filmlərinə eyni aktyorları dəvət edirlər. Yeni aktyor az götürürdülər. Məsələn, “Ötən ilin son gecəsi” filmində Rüstəm roluna çəkilmək üçün dəvət aldım, amma bu rola Kamil Zöhrabov çəkildi. Bir müddət sonra Gülbəniz Əzimzadədən çəkilməməyimin səbəbini soruşanda o, ailə üzvlərinə oxşarlığım olmadığını bildirdi. Təbii ki, bu cavab məni qane etmədi...

 

– Bu filmdə alınmasa da, “Müqəddəs oda yanaram” psixoloji dramında Gülbəniz xanımla birlikdə çalışdınız...

– Ssenari müəllifi Hafiz Fətullayev olan film sponsor hesabına çəkilirdi. Bilgəhdə çəkiliş prosesi Gülbəniz xanımın iştirakı ilə başladı. Amma bizimlə daha çox Hafiz müəllim işləyirdi. O, Zəhra roluna əvvəlcə türkiyəli aktrisa Aydan Şeneri dəvət etmək istəyirdi, amma nədənsə alınmadı. Tərəf-müqabilimi Həmidə Ömərova canlandırdı. Çəkilişlər zamanı “Təhminə” filminə dəvət aldım. Emin Sabitoğlu nə üçünsə çəkiliş meydançasına gəlmişdi. Fasilə zamanı çay içirdik. Məndən soruşdu ki, razısansa Rasim Ocaqova deyim. Mən də razılığımı bildirdim...

 

– İrihəcmli ekran obrazlarınız varkən daha çox Spartak roluna görə tanınmağınız sizi qıcıqlandırmır ki?

–  “Təhminə” filmində baş rola dəvət almışdım. Müəyyən səbəblərdən alınmadı. Rasim müəllim sonra belə qərara gəlib ki, məni Spartak roluna sınaq olmadan çəksin. Onunla işləmək çox maraqlı idi. Çünki işinin ustası idi və fikirlərini dəqiq çatdırır, sözünü birbaşa deyirdi. Mənə belə gəlir ki, Spartak roluna kim çəkilsəydi, belə məşhur olacaqdı. Çünki Spartak bir neçə epizodda görünsə də, öz dövrünün seçilən, istədiyi hər şeyi əldə edən insandır. Buna görə də gənclər onu daha çox yadda saxladı. Təbii ki, kiçik həcmli rolla yadda qalmaq istəməzdim. Amma yenə də incimirəm, çünki hər aktyorun bir-iki məşhur rolu olur və izləyicilər də həmin rollara görə onu tanıyırlar, sevirlər. 

 

– Teatr aktyoru kamera qarşısına keçəndə özünü necə hiss edir?

– İmtahan qarşısında olan tələbə kimi (gülür). Çox az hallarda kino aktyorunun rolu səhnədə uğurlu alınır. Teatr aktyorlarının isə kinoda uğuru çox olur. Həm də kino kollektiv əməyin məhsuludur. Rolun uğuru tək aktyordan asılı olmur. Burada rejissorun, operatorun və digərlərinin də böyük əməyi var. Həmçinin rolun uğurlu alınmasında müxtəlif planlı çəkilişlərin və montajın da rolu böyükdür. 

 

– Hansı rejissorla işləmək sizə stimul verirdi?

– Görkəmli kinorejissor Tofiq Tağızadə maraqlı insan idi. Özünəməxsus izahetmə metodu vardı. “O dünyadan salam” filmində Cəlil Məmmədquluzadə obrazı yox idi. Tofiq müəllim məni Kefli İsgəndər roluna çəkmək istəyirdi. Kollektiv də istəyirdi ki, o rolu mən oynayım. Amma elə oldu ki, Yılmaz Duru həmin rola təsdiqləndi. Belə olan halda Tofiq müəllim Mirzə Cəlilin öz qəhrəmanları ilə görüşməsi timsalında Cəlil Məmmədquluzdə obrazını ssenariyə əlavə etdi və məni çəkdi.

Ramiz Həsənoğlu məni hansı rola dəvət edibsə, hamısına getmişəm. Çünki o, tələbə ikən tamaşalarımızın məşqlərinə baxan, məni ilk dəfə televiziyaya dəvət edən, maraqlanan ilk rejissordur. 1984-cü ildə “Müfəttiş” diplom tamaşamızda Xlestakovu oynayırdım. Ramiz müəllim gəlib tamaşaya baxdı və məni “Qapalı orbit” tamaşasına dəvət etdi. Bu, mənim televiziyada ilk böyük işim oldu. Həmin teletamaşadan sonra insanlar məni artıq tanıyırdılar, şəhərə çıxanda yaxınlaşırdılar. Bunlar əvvəlcə mənə qəribə gəlirdi. Sonra yavaş-yavaş anladım ki, özündən razılıq insanı bitirir. Buna görə də bu kimi xüsusiyyətləri özümdən uzaqlaşdırdım. Ramiz müəllimlə belə başladıq. Quruluş verdiyi “Cavid ömrü” tarixi-bioqrafik filmində Səyavuş rolu da mənim üçün maraqlı iş oldu.

 

– Lütfi Məmmədbəyovun quruluş verdiyi televiziya tamaşaları da sizi çox məşhurlaşdırdı...

– Lütfi müəllim klassik teatr məktəbinə məxsus sənətkarlarımızdan idi. O, mənim müəllimim olmayıb, rəhbərlik etdiyi dərnəyə də getməmişəm. Sənətin bütün incəliklərinə bələd idi. Hamımız ona müəllim deyirdik. 1994-cü ildə teatrdan ayrılmışdım. Həmin vaxtlarda o, bir neçə tamaşa çəkmişdi. Biz görüşəndə dedi ki, səni nə qədər axtardım, heyf, tapa bilmədim. Xətrimi çox istəyirdi. Arada zarafatlarımız da olurdu. İzləyicilər “Yad qızı” tamaşasını çox sevmişdi. Hətta Şəkidə bir nəfər mənə yaxınlaşıb dedi ki, “100 qram arağa görə adam heylə bir arvadı boşayar?” (gülür).

 

– Elxandan başqa kino rollarınızın hamısını özünüz səsləndirmisiniz...

– “Bəyin oğurlanması” filmini Tofiq İsmayılov çəkirdi. Ssenari müğənni Sərxan Sərxan üçün yazılmışdı. Həmin vaxt kinostudiyanın rəhbərliyi dəyişildi, film Tofiq müəllimdən alınıb gənc kinematoqrafçılara verildi. Ssenari gecə yazılırdı, səhər çəkilirdi. Elxan roluna məni Ceyhun Mirzəyev dəvət etdi. Dedim məni sınaq çəkilişlərinə çox çağırıblar, amma çəkməyiblər. Dedi sınaq çəkilişlərinə get, şəkillərini özüm götürəcəm, səni mütləq çəkəcəm. İki gündən sonra onunla görüşdüm. Dedi ki, sən çəkiləcəksən. Mən də sevindim. Dedim, şükürlər olsun, nəhayət, kimsə sözünün üstündə durdu. Bu, əslində, baş rol olmalı idi, amma ssenari hər gün dəyişirdi. Yenə də sevinirəm ki, ölkənin tanınmış aktyorları ilə birlikdə bu filmdə çəkildim. Orduya çağırıldığım üçün rolumu Rasim Balayev səsləndirdi. Bu da mənim üçün fəxrdir.

 

– Dublyajla məşğul olmusunuzmu?

– Dublyajla ilk vaxtlar maraqlandım və bu sənəti Həsən Əblucdan öyrəndim. Onunla çox doğma münasibətimiz vardı. Kinostudiyanın nəzdində fəaliyyət göstərən dublyaj studiyasının aktyorları səs sənətinə olduqca dəqiqliklə yanaşır, incəlikləri dərindən bilirdilər. Nə sualım olurdusa Həsən Əbluca müraciət edirdim. O da köməyini əsirgəmirdi. Kinostudiyada Dublyaj şöbəsinin fəaliyyəti dayandırıldıqdan sonra “Lider” televiziyasına dəvət aldım və orada bir neçə filmi dublyaj etdim. Kinostudiyanın dublyaj studiyasındakı effekti vermədiyinə görə televiziyadan ayrıldım.

 

– Füzuli Hüseynov kinoya nə verib?

– Kinoya nəsə vermək üçün gərək sənin üçün ssenari yazılsın. Ümumiyyətlə, “səni mütləq çəkəcəm” deyən rejissorlarla işləməyi çox sevirəm. Çünki o, çəkəcəyi aktyordan nə alacağını bilir və potensialını üzə çıxartmağa hazır olur. 

 

– “Kino ciddi peşədir, onunla zarafat etmək olmaz” fikrinə münasibətiniz necədir?

– Kino da, teatr da ciddi peşədir. Zərgər dəqiqliyi tələb edir. Mənə işin ciddiliyini öyrədən ustad pedaqoq Nəsir Sadıqzadə olub. İnstitutda o, bizə iki il sənət dərsi keçib. Bu gün də sənət müəllimimdən öyrəndiyim vacib detalları unutmuram.

 

– İnsan həm də arzularla yaşayır. Planlarınızı bilmək istəyərdik.

– Həyatımda və sənətimdə heç vaxt plan qurmuram. Hər dəqiqənin bir hökmü var. Amma maraqlı təklif gəlsə, işgüzar, peşəkar insanlarla işləməyə hazıram.

Şəhla Əmirli
kinoşünas