Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

404 il əvvəl...

10 sentyabr 1618-ci ildə Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin (1616-1618) nəticələrinə dair Mərənd sülh sazişi imzalanıb. Səfəvi dövləti XVI əsrin sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri aldı. Lakin bir müddət sonra (1625) tərəflər arasında yeni müharibə başlandı.

 

299 il əvvəl...

12 sentyabr 1723-cü ildə çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Dərbənddən Ənzəliyədək) Rusiyanın nəzarətinə verilib. Həmin dövrdə Osmanlı ilə müharibə aparan Səfəvi dövləti üçün bu saziş taktiki səciyyə daşıyırdı. Lakin Rusiya ona umduğu dəstəyi vermədi, əksinə, 1724-cü ildə Osmanlı ilə də müqavilə bağladı. Səfəvi dövləti Rusiyanın nəzarətinə verdiyi torpaqları 1732-1735-ci illərdə geri qaytara bildi.

 

227 il əvvəl...

11 sentyabr 1795-ci ildə Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyüş olub. Qacarın qoşunları gürcüləri məğlub edərək Tiflisi ələ keçirib. Bir il sonra II İrakli Rusiya imperiyası ilə müqavilə bağladı və Kartli-Kaxetiya çarlığı Rusiyanın himayəsinə keçdi.

 

221 il əvvəl...

12 sentyabr 1801-ci ildə çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. Manifestə əsasən, Azərbaycanın tarixi torpaqları olan Şəmsəddil, Borçalı əraziləri də Rusiyanın tərkibinə qatıldı.

 

80 il əvvəl...

9 sentyabr 1942-ci ildə SSRİ Dövlət Müdafiə Komitəsinin (sədr İosif Stalin) qərarı ilə Azərbaycan SSR ərazisində hərbi vəziyyət elan edilib. Bu vaxt Almaniya qoşunları Qafqaz dağlarında idi və Bakı üzərinə hava reydləri həyata keçirilirdi.

 

74 il əvvəl...

9 sentyabr 1948-ci ildə Koreya Xalq Demokratik Respublikası yaranıb. İkinci dünya müharibəsindən sonra Yaponiyanın işğalından azad edilən Koreya yarımadası SSRİ və ABŞ-ın (38-ci paralel üzrə) nəzarətinə keçmişdi. Şimali Koreyada elan edilən sosialist təmayüllü dövlətin başçısı Kim İr Sen oldu.

 

70 il əvvəl...

11 sentyabr 1952-ci ildə Qərbi Almaniya (AFR) Kansleri Konrad Adenauer və İsrailin Baş naziri Ben Qurion barışıq sazişi imzalayıblar. Sazişə əsasən, Almaniya faşist idarəçiliyi dövründə yəhudilərə qarşı həyata keçirilmiş soyqırımına (Holokost) görə İsrail dövlətinə 293 milyon dollar təzminat ödəməli idi.

 

49 il əvvəl...

11 sentyabr 1973-cü ildə Çilidə hərbi çevriliş baş verib. General Auqusto Pinoçetin başçılıq etdiyi hərbi xunta Prezident Salvador Alyendeni qətlə yetirib. Çilidə Pinoçet rejimi 1989-cu ilədək sürdü. Həmin ildə Pinoçet azad seçkilərə şərait yaradaraq hakimiyyətdən getdi.

 

42 il əvvəl...

12 sentyabr 1980-ci ildə Türkiyədə dövlət çevrilişi baş verib, general Kənan Evrenin başçılıq etdiyi hərbçilər hakimiyyəti ələ alıblar. Dövlət çevrilişinin səbəbləri sosial-iqtisadi böhran, siyasi qüvvələrin, xüsusilə də sol-sağ qarşıdurmasının ölkəni vətəndaş müharibəsi astanasına gətirməsi idi. Çevrilişdən sonra ölkədə bütün partiyaların, müstəqil medianın fəaliyyəti dayandırıldı. 1982-ci ildə referendum yolu ilə ölkənin yeni Ana Yasası qəbul edildi, Kənan Evren prezident seçildi. ABŞ-da Dünya Bankında çalışan Turqut Özal isə baş nazirliyə dəvət olundu.

 

31 il əvvəl...

9 sentyabr 1991-ci ildə erməni silahlı dəstələrinin Ağdam-Xocavənd avtobusunu atəşə tutması nəticəsində 5 nəfər qətlə yetirilib. Eyni gündə Ağdam-Qaradağlı avtobusu gülləbaran edilmiş, 8 azərbaycanlı həlak olmuşdu.

 

21 il əvvəl...

11 sentyabr 2001-ci ildə ABŞ-da dəhşətli terror aktları baş verib. Terrorçu kamikadzelər tərəfindən qaçırılmış sərnişin təyyarələrinin ikisi Nyu-Yorkda Dünya Ticarət Təşkilatının qoşa qüllələrinə, biri isə Vaşinqtonda Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) binasına çırpılıb. 3 minə yaxın insanın həyatına son qoyan terrora görə məsuliyyət Üsamə bin Ladenin “Əl-Qayda” təşkilatının üzərinə qoyulub.

Hazırladı: V.Orxan